İlham Əliyev real vəziyyətin əksinə danışır

Vidadi Mirkamal: «Hakimiyyət beynəlxalq təsisatları və cəmiyyəti aldada bilməz»

Xəbər verildiyi kimi, ölkə başçısı Ilham Əliyev Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında yeritdiyi siyasətə zidd açıqlamalar verib. Dövlət başçısı bəyan edib ki, ölkədə işsizlik 5 faizə, yoxsulluq da 49 faizdən 5 faizə enib. Ilham Əliyev demokratiyadan da danışıb. O qeyd edib ki, ölkəmizi azadlıq, demokratiya yolunda inkişaf etdirməli, müstəqilliyimizi gücləndirməliyik: “Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır”.
 
Məsələ barədə fikirlərini “Azadlıq”a şərh edən vəkil Vidadi Mirkamal söyləyir ki, mövcud hakimiyyət Avropanın gözündə demokratiyanın, insan hüquqlarının pozulmadığı, azad, hər şeyin yerində olduğu görüntüsü yaratmaq istəyir. V.Mirkamal son dövrlərdə bütün beynəlxalq təşkilatların, Avropa təsisatlarının Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbusların mövcudluğu barədə xeyli bəyanatlar verdiyini yada salır. O, həmin bəyanatların bütün dünyanın gözü önündə olduğunu da vurğulayır: “Bəyanatda göstərilən nöqsanları aradan qaldırmaq əvəzinə, hakimiyyətyönlü mətbuat və hakimiyyət nümayəndələri həmin təşkilatları ermənipərəstlikdə və Azərbaycanın mənafeyini korlamaqda, gözdən salmaqda ittiham edirlər. Ölkəmizlə əlaqəli olan təşkilatlar və cəmiyyət bunun məqsədini yaxşı anlayır. Forumda iştirak edənlərin əkəsriyyəti demokratik ölkələrdən olan şəxslərdir və onlar Azərbaycandakı real vəziyyəti gözəl bilirlər. Ilham Əliyev və onun komandası belə bəyanatlar verməkdənsə, siyasi məhbusları azad etməli, insanların siyasi əqidəsinə görə izlənməsinə son verməlidir. Hakimiyyət bu mənada beynəlxalq təsisatları və cəmiyyəti  aldada bilməz”.
İnformasiya şöbəsi