Boş səbətin davası

Bizim gündəlik qida normamızı müəyyən edən istehlak səbəti ilə yaşamağımız bilirsiniz nəyə bənzəyir? Dükan-bazardan gələn anasının qarşısına yüyürüb, zənbildən gözlədiklərini tapmayanda ağlamağa başlayan uşağın halına. Gündəlik qida rasionumuza daxil olan ərzaq çəkisinin beynəlxalq normalara uyğun gəlmədiyini söyləməyə dəyməz. Bunu hamımız bilirik. Amma dərd budur ki, əhalinin 70-80%-i həmin normalardan xeyli aşağı müəyyən olunmuş məhsullarını da süfrəsində tapa bilmir. 
Bilirsiniz, bu ilin əvvəlindən Nazirlər Kabineti ölkədə minimum istehlak səbətinin tərkibini yeni redaksiyada təsdiq edib. Həmin qərara əsasən, əvvəlki normaların bir çoxunun çəkisi artırılıb. Nümunə üçün, un məhsullarının uşaqlar üçün illik norması əvvəlki ilə müqayisədə 98 kq-dan, 100, 5 kq-a, süd və süd məhsulları 247,5 kq-dan, 258, 6 kq-a, ət məhsulları 25 kq-dan 29, 6 kq-a, tərəvəz və bostan məhsulları 101, 2 kq-dan 100,7 kq-a qədər dəyişib. Səbətin yeni tərkibinə müqayisəli göz atsanız, görərsiniz ki, bu normalar yenə də Dünya Səhiyyə Təşkilatının normalarından xeyli geri qalır.ÿDST-nin düzgün qidalanma üçün müəyyənləşdirdiyi normaya görə, hər insan gün ərzində 3126 kilo kalori qida rasionu qəbul etməlidir. Bizdəki mövcud minimum şərtlərə görə isə bu gündəlik norma 2700 kilo kaloridir. 
Mütəxəssislər qeyd edirlər ki, bizdə minimum istehlak səbəti müəyyənləşdirilən zaman orta qiymət deyil, əhalinin ən çox istifadə etdiyi malların qiyməti əsas götürüldüyünə görə, bu, orta qiymətdən aşağı olur və son nəticədə istehlak səbətinin qiymətini aşağı salır. Əslində, xüsusi tədqiqatlara ehtiyac duymadan, özünüz də aydınlaşdıra bilərsiniz ki, bu üzdən bizim istehlak səbətində böyük qarışıqlıq var. Azərbaycanda qidalanma ilə bağlı maarifçilik işi yox səviyyəsində olsa belə, məlum qarışıqlığın əsas səbəbi bu sayılmamalıdır. Şübhəsiz, məsələnin kökü, hər şeydən əvvəl qiymətlərə gedib çıxır. Yəni ölkə insanı çox halda qidanı faydalılıq dərəcəsinə görə deyil, ucuzluq dərəcəsinə görə seçmək məcburiyyətindədir. Elə buna görə də istehlak səbətimizdə ölkə səviyyəsində müəyyən olunmuş normaların belə nisbəti tamamilə pozulur. Bu uyğunsuzluq inkişaf etmiş ölkələrlə müqayisədə özünü daha qabarıq göstərir. Ölkə əhalisinin ət, balıq, meyvə-tərəvəz istehlakında xeyli geri qalması, heç şübhəsiz, məhdud imkanlarla bağlıdır. Manatın devalvasiyasından sonra əhalinin bu həyat göstəricilərinin bir az da aşağı düşdüyü kimsədə şübhə doğurmur. Sirr deyil ki, ölkədə həftələrlə ət məhsullarından istifadə etmək imkanı olmayan minlərlə ailə var və onların bundan sonrakı halını düşünmək insanın qəlbini parçalayır, sadəcə. 
Təbii, qida maarifçiliyi və qida təhlükəsizliyi də mühüm məsələlərdir. Amma bilmirəm, ölkənin indiki durumunda bu barədə danışmaq nəyə yarayar? Aylıq maaşı aclıq səviyyəsindən qurtulmaq minimumuna gücə çatan, hər gün boş səbətinə baxıb köks ötürən insana faydalı və sağlam qidalanma haqqında danışsan, ağlını qaçırdığını düşünər, əlbət. Çünki ört-basdır edəcək bir şey yox, insanların yaşayış durumu biz düşündüyümüzdən də ağırdır. Hökumət inadla yoxsulluğun azaldılması, iş yerlərinin açılması, yaşayış minimumunun artması haqqında hekayələr danışır. Ancaq reallıqda insanların səfilləşməsi, işsizlərin gündən-günə artması, güzəranın pisləşməsi faktlarının şkalanın üstünə qalxdığını görürük. Ölkədə talan var, var-yoxumuz mənasız şeylərə israf olunub gedir. Ölkədə bir də yalan var, o israfı ört-basdır etmək üçün düzülüb-qoşulan min cür yalan. Bu talana və yalana son vermək isə sizin öz öhdənizə düşür. Əlinizdəki boş səbətin davasını sizin yerinizə başqası aparmayacaq ki…