
Hikmət Hacızadə: «Rusiya və Türkiyə arasındakı münasibətlərdəki gərginlik dərinləşməyəcək və Putinin söylədikləri unudulacaq»
Qondarma “erməni soyqırımı” artıq neçə gündür ki, mətbuatın diqqətini cəlb edib. Ermənilərin apardığı siyasət nəticəsində bir sıra dövlət başçıları qondarma soyqırım tədbirlərinə qatıldılar. Rusiya prezidentinin soyqırımla bağlı açıqlaması rəsmi Ankaranın sərt reaksiyasına səbəb oldu. “Rusiya prezidenti Vladimir Putinin 1915-ci il hadisələri barədə bəyanatı Ankaranı məyus etdi”. Bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Küveytə səfəri ərəfəsində deyib.
O qeyd edib ki, belə bəyanat verməzdən əvvəl Rusiya öz tarixini araşdırmalıdır. Ərdoğan əlavə edib ki, Türkiyə tarixindən utanmır, çünki ölkə tarixində heç bir “erməni soyqırımı” olmayıb.
Maraqlıdır ki, son zamanlar Rusiya ilə Türkiyə arasında yaxınlaşma yaşanırdı. Xüsuilə Rusiyanın Qərblə münasibətlərinin korlanmasının fonunda Türkiyə ilə münasibətlərə diqqət ayrıldı. Avropanın ittiham etdiyi Rusiyanın “Cənub axını” layihəsinin taleyi hazırda Türkiyədən asılıdır. Türkiyə ilə Rusiya ticarət sahəsində də bir sıra uğurlara imza atıb. Yaranan dərin iqtisadi əlaqələr iki dövlət arasında münasibətlərin daha da inkişaf edəcəyini deməyə əsas verirdi. Amma “soyqırım” iddiaları iki dövlət arasında münasibətləri gərginləşdirib. Hazırda sual olunur: Rusiya və Türkiyə münasibətlərində əldə etdikləri nailiyyətləri qoruyaraq daha da inkişaf etdirə biləcəklərmi?
Politoloq Hikmət Hacızadə hesab edir ki, Rusiya və Türkiyə arasındakı münasibətlərdəki gərginlik dərinləşməyəcək və Putinin “erməni soyqırımı” ilə bağlı söylədikləri sadəcə olaraq unudulacaq: “Iki dövlət arasında imzalanan müqavilələr milyardlarla dolları əhatə edir. Həmin müqavilələrdən heç kəs imtina edə bilməz. Rusiya və Türkiyə arasında sıx iqtisadi əlaqələr mövcuddur. Eyni zamanda iki ölkənin geosiyasi maraqları var. Bütün bu məqamlar ”soyqırım" məsələsini unutduracaq".
Iqtisadi əlaqələrin Rusiya üçün daha əhəmiyyətli olduğunu deyən H.Hacızadə vurğuladı ki, həmişə maliyyə siyasəti üstələyib.
Xəyal