
Gənc fəallar «Talana son!» mitinqində iştirak üçün həmyaşıdlarına çağırış etdi
Ölkədə talançılığa etiraz olaraq Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqdə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı gözlənilir. Mitinq öncəsi ölkənin gənc fəalları öz həmyaşıdlarına çağırış edib.

Son dövrlərdə demək olar ki, bütün etiraz aksiyalarının ən fəal iştirakçılarından olan AXCP Gənclər Komitəsinin üzvü Bəyim Həsənli deyir ki, illərdir Azərbaycanda azadlıq, haqq- ədalət uğrunda mübarizə gedir. Bu mübarizədə də öndə gənclər olmalıdır: “Mən bütün gəncləri Milli Şuranın növbəti ”Talana son" mitinqinə dəvət edirəm. Çünki Azərbaycan, xalqın sərvətləri hər gün, hər an talan olunur. Ilham Əliyevin rəhbərliyi altında bu hakimiyyət Azərbaycan xalqının sərvətlərini mənimsəyir. Azərbaycan gəncliyi anlamalıdır ki, göyə sovrulan, Avropa Oyunları, Gül bayramı və sair absurd tədbirlərə xərclənən bütün pullar bizim gələcəyimizi təhlükəyə atır. Azərbaycan gəncliyi başa düşməlidir ki, bu gün əsassız polis qorxusu ucbatındanÿetiraz edə bilməsə, qorxusuna qalib gələndən sonrakı etiraz çox gec ola bilər. Gəncliyimizi, gələcəyimizi və dünyaya gətirəcəyimiz övladları düşünərək meydana çıxmağın vaxtıdır. Və biz illərdir mübarizə aparan gənclər sübut etdik ki, bu rejimdən qorxmaq üçün heç bir əsas yoxdur. Gəlin bu məmləkətə, sərvətlərimizə, gələcəyimizə sahib çıxaq, talana, yalana, korrupsiyaya, yaltaqlığa “yox” deyək!"

Digər gənc fəal Abdulla Mahmudov deyir ki, ictimai nəqliyyatda, çayxanada, küçədə, parkda kimi dindirirsən, hamı yaşayışından, daha doğrusu, yaşaya bilməməsindən şikayətlənir. Amma təəssüf ki, bu şikayətlər avtobusdan, çayxanadan kənara çıxmır: “Hamı kredit, borc girdabında batır. Vəziyyət o həddə çatıb ki, insanlar çörək almağa belə pul tapmır. Gənclər indi dükandan çörək oğurlayır, bir tikə çörək üçün hər yola əl atır. Daha bu hakimiyyətin ”uğurlu" siyasətini dəstəkləyənlərin də firavan yaşayışına təminat yoxdur. Son günlərdə bir QHT rəhbərinin, “Nurgün Motors”un salon rəhbərinin həbsləri də buna sübutdur. Amma vəziyyəti dəyişmək öz əlimizdədir. Birlikdə etiraz edib bu gedişi dayandıraq. Mayın 3-ü hamılıqla ölkədə baş verən qanunsuzluqlara “yox” deyək!"

Aksiyaların başqa bir fəalı Turan Ibrahim də gənc həmyaşıdlarına üzünü tutaraq deyir ki, Azərbaycanı demokratik ölkəyə çevirmək məhz gənclərin əlindədir: “Gözəl gələcək, rüşvətsiz təhsil istəyirksə, bu aksiyalara qoşulmalıyıq. Biz öz gələcəyimizə biganə qalmamalıyıq. Ölkədə baş verən özbaşınalıqlara ”son" deməliyik. Biz xalqın qurduğu hakimiyyətə nail olmalıyıq. Bunun üçün isə mübarizə aparmaq lazımdır. Bu aksiyalar davamlı olmalıdır və düşünürəm ki, mütləq nəticəsi olacaq.ÿBütün ölkə gəncliyini vətəndə baş verənlərə biganə qalmamağa, 3 mayda “Talana son!” mitinqinə qatılmağa çağırıram".

Gənc fəal Nuru Nuruzadə də bildirir ki, Azərbaycan uçurumun kənarındadır, ölkəni xilas etmək isə vətəndaşların öz əlindədir: “Ölkəmizdə baş verənlərə biganə qalmamalıyıq. Xüsusən, son illərdə Azərbaycanı uçurumun kənarına gətiriblər və biz ölkəmizi xilas etməliyik. Ölkəmizin təhsil, mədəniyyət, iqtisadi, sosial sahələrdə geriləməsi laqeydliklə kənardan izləməməliyik. Mən bütün bu baş verənlərə artıq susmaq istəməyən, ölkənin taleyinə biganə olmayan vətəndaşları Milli Şuranın 3 mayda keçirəcəyi ”Talana son!" mitinqinə qatılmağa çağırıram.
Emil


