Mərkəzi Bank dövriyyədən manatı yığmağa başlayır

Nemət Əliyev: «Hazırda dövriyyədə gərəkən qədər manat olmalıdır, bu üzdən Mərkəzi Bankın qərarı yanlışdır»

Dünən Bakı Fond Birjasında Mərkəzi Bankın ümumi həcmi 30 milyon manat olan qısamüddətli notlarının 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilir. Bu barədə “Marca”ya Birjadan bildirilib. Bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün, ödəmə tarixi 27 may 2015-ci ildir.
Qeyd edək ki, yanvar-mart aylarında Bakı Fond Birjasında Mərkəzi Bankın notları üzrə ticarət aparılmamışdır.
Mərkəzi Bankın notları – Bank tərəfindən bir ilədək müddətinə buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pül kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir.
Mərkəzi Bank 2013-cü ildə təxminən 300 milyon manatlıq not yerləşdirdiyi halda, 2014-cü ildə həcmi 158 milyon manatadək azaltmışdı. Ötən ilin ortalarından etibarən Mərkəzi Bank not emissiya etmirdi və bu dövriyyədə manat kütləsinin artırılması məqsədini daşıyırdı. Indi isə dollarlaşma ilə əlaqədar olaraq dövriyyədə manat artıqlığı yaranıb.
Bəs, Mərkəzi Bankın yaranmış böhranlı durumda qəbul etdiyi qərarı düzgün saymaq olarmı? Notların satışa çıxarılması dolların manata olan təzyiqini azalda biləcəkmi?
 
Iqtisadçı Nemət Əliyev bildirdi ki, ümumiyyətlə MB-nin qiymətləri sabit saxlamaq məqsədilə istifadə etdiyi mexanizmlərdən biri də notlardır: “Əgər Mərkəzi Banka dövriyyədə olan manat kütləsini azaltmaq gərəkirsə, o zaman qısa müddətli notları dövriyyəyə buraxmaqla bank manat kütləsini yığır. Nəticədə dövriyyədə olan manat kütləsi azalır. Manatın kütləsini artırmaq lazım olan zaman isə Mərkəzi Bank əllərdə olan notları geri almağa başlayır. Yəni dövriyyədə olan pulun kütləsini artırıb azaltmaqla qiymətləri tənzimləmək Mərkəzi Bankın əsas vəzifəsidir”.
N.Əliyev bildirdi ki, hazırda ölkədə istehsal kəskin şəkildə aşağı düşüb. Nəticədə idxalın həcminin yüksəldiyini deyən N.Əliyev bildirdi ki, MB bir müddət əvvəl kəskin devalvasiya qərarını həyata keçiribdir. Yəni digər valyutalar qarşısında milli valyuta dəyərdən salınıb.
Bəs, yaranmış vəziyyətdə doğru addım nədən ibarət ola bilər? N.Əliyev bildirdi ki, devalvasiya qərarı olan zaman dövriyyədə olan notlar geri çəkilmişdi. Amma indiki dövrdə əgər Mərkəzi Bank dövriyyədəki manatın kütləsini azaltmaq məqsədi güdürsə, deməli, süni şəkildə qiymətlərə təsir etmək istəyir. O gərək nəzərə alsın ki, bunu bu formada inzibati vasitələrlə reallaşdırmaq mümkün deyil. Indki zamanda dövriyyədə olan pul kütləsini artırmaq lazımdır. Çünki qiymətlərin artmasının qarşısını inzibati metodlarla kəsmək mümkün deyil. Ən azından idxal olunan malların ümumi daxili bazardakı ticarət dövriyyəsindəki payı 40 faizdir. Onun 34 faizlik artımı çox böyük qiymət artımlarına gətirib çıxarıb. Ona görə pul dövriyyəsini təmin etmək məqsədilə dövriyyədə gərəkən qədər manat olmalıdır. Fikrimcə, Mərkəzi Bankın qərarı yanlışdır".
N.Əliyev bildirdi ki, əgər bu siyasət bir müddət davam edərsə o zaman əmək haqlarının verilməsində fasilələr yaranacaqdır. Yaxud da alğı-satqı əməliyyatlarını normal şəkildə təmin etmək mümkün olmayacaq.
Xəyal