Milli Məclisdə maşın söhbəti

Spiker yenə «sürət həddi»ni aşdı

Milli Məclisin növbəti iclasında da maraqlı söhbətlər olub və deputatlar maşınlardan danışıblar. Millət vəkili Fəzail Ağamalı deyib ki, bu yaxınlarda avtomobil qəzasından çətinliklə xilas olub: “Sözün əsl mənasında Allah bizi qurtardı. Yaxınlaşıb polisə deyirəm ki, bu marşrut sürücüsü barəsində tədbir görsünlər.
Amma polis də deyir ki, ”heç nə edə bilmərəm, onları himayə edənlər elə adamlardır ki, onlara gücümüz çatmır". Axı kimdir bunlar? Hansı imtiyaz verilib ki, adi sürücüyə də söz deyə bilmirlər? Bəzi qurum əməkdaşları orta məktəblərin qarşısında pusquda dayanırlar, valideynlər maşını saxlayan kimi gəlib cərimə meydançasına aparırlar. Məktəblərin qarşısında xüsusi yerlər yaradılsın və orada maşınların 5-10 dəqiqəlik saxlanılmasına icazə verilsin"- deyə Fəzail Ağamalı bildirib.
Həmişəki kimi spiker Oqtay Əsədov məsələyə müdaxilə edib və söhbəti xırdalayıb:ÿ"Bakıda yüzlərlə məktəb var, hər ailədə də 2-3 maşın var. Hər valideyn gedib saxlasa, görün nə qədər maşın olar. Xarici ölkələrdə də belə şey yoxdur. Orada hər kəs uşağını avtobusla aparır".
Oqtay müəllim bundan öncəki iclaslarda Novruz bayramında papaq atmaq məsələsindən danışmışdı, sonra müxalifətin kök altında olduğunu bildirmişdi, sonra ermənidən betər erməni axtarışına çıxmışdı. Indi isə maşınları saymaqla məşğuldu.
Əvvəla, Azərbaycanda avtomobillərin sayı 1 milyondan bir az artıqdır. Oqtay müəllimin dediyindən isə belə çıxır ki,  ölkədə 20 milyona yaxın maşın var. Ikincisi, məktəbə maşınla gəlmək ənənəsi, hər ailə üzvünə bir maşın almaq təcrübəsi məmurlara məxsusdur. Adi JEK müdirinin özündən əlavə övladının, xanımının maşını da var, xidməti maşın da üstəlik. Hətta deputatların eyni nömrə nişanlı bir neçə avtomobil idarə etdikləri də məlumdur. Yəni Oqtay müəllim “xaricdə hər kəs uşağını avtobusla aparır” deyəndə, bunu özlərinə şamil etməlidir. Çünki, bu ölkədə harınlıq, avtoşluq, bahalı avtomobillərlə hərəkət etmək məmur övladlarına xas xüsusiyyətdir. Korrupsiya yolu ilə milyonlara sahiblənən məmurlar, 10-larla avtomobil alırlar və heç bir qayda-qanuna məhəl qoymadan idarə edirlər.
Fəzail Ağamalı deyir ki, polis bu avtomobilləri cəzalandırmaqda acizdir. Təbii ki, sadə vətəndaşın himayə edilməsindən söhbət gedə bilməz. Oqtay Əsədov isə əsas məsələdən yayınıb günahı valideynlərin üzərinə atır. Guya, polisi döyən, qanunlara məhəl qoymayan, milyonluq avtomobillərdə şütüyən müəllim, təqaüdçü, dülgər övladlarıdır…
Bir sözlə, Oqtay müəllim yenə də “sürət həddi”ni aşaraq, qəza törədib. Belə “qəza”larda isə xilasedici yastığın köməyi az olur. Yaxşı olar ki, sabahdan deputatlar övladlarını məktəbə avtobusla aparsınlar. Xalqa da bu nümunəni alqışlasın. Sükanı belə saxlayın.
S.Novruz
P.S.Qorxuram ki, bu təklifə görə Oqtay müəllim bizi “ermənidən betər” adlandırsın.