
İnformasıyaların çoxluğu əsrində bəzən həqiqətlərin belə məlumatlar arasında itdiyi bir dövrdə yaşayırıq. Klassik tərzində informasiya hadisədən sonra gəlməli olduğu halda, indi saysız-hesabsız fikirlərin, yorumların, incələmələrin bəzən olayların önünə keçdiyi də müşahidə edilir. Sadə şəkildə ifadə etsək, fikir dünayasında, informasıya məkanında sözügedən sıxlıq asanlıqla xaos törədə bilir. Təcrübəli, çalışdığı sahə və ixtisasında müəyyən səviyyə qət edən insanlar üçün həmin xaosun təhlükəli məqamları olmasa da xüsusilə gənc nəsil buna tab gətirməyə bilər. Bu problemləri necə aradan qaldırmaq mümkündür? Yaxud gənc nəslin doğru istiqamətə yönəltməyin bir sistemli, düşünülmüş konsepsiyası varmı?
Suala birmənalı cavab vermək həm çətin, həm də asandır.
Çətin tərəflərinə baxsaq, məlumatların operativ ötürülməsi, əlaqələrin intensivləşməsi, elektron mübadilənin sürətlənməsi ilə “kiçilən” böyük dünyanı qarşımızda görürük. Hər gün çox müxtəlif ölkələrdən aldığımız çeşidli xəbərlər, onları analitik təhlildən keçirən şərhçilərin fikirləri, eləcə də sadə insan kütləsi arasında doğuran təəssüratlar. Bütün bunlar böyük dünyanı bir insanın kiçik beyninə toplamasına gətirib çıxarır. O zaman sözügedən nümunədə fərdin qazandığı və itirdiyi tərəfləri arasındakı mütanasibliyi düşünmək məcburiyyətində qalırıq. Bizə, xüsusilə də hələ öz istiqamətini müəyyənləşdirməkdə olan gənc nəslə bu informasıya yükü lazımdırmı?
Bilik və informasıyalar bir tərəfdən intelekti formalaşdırır. Lakın intelekt sadəcə yaddaş toplusu demək deyil. Əgər insan beyni və idrakı sadəcə məlumatlara xidmət etsəydi, onda onun fəaliyyəti qısa zamanda bitə bilərdi. Deməli, daha mühüm bir məqama düşünmə qabiliyyətinə, məntiqin inkişafına, riyazi və bədii təfəkkürün önə keçməsinə diqqat yetirməliyik.
Ailə, təhsil, ictimaiyyət hər biri ayrı-ayrılıqda və nəticə etibarilə birlikdə gənc nəslin təfəkkürünün, düşüncə qabiliyyətinin formalaşması və inkişafına yönəlməlidir. O zaman yuxarıda qeyd etdiyimiz sualın informasıyaların çoxluğundan doğan çətin cavabından başqa daha asan cavabı da ortaya çıxır. Düşünməyi bacaran gənc xaosun içərisində ərimək təhlükəsini dəf edə, öz istiqamətini daha asan tapa bilər.
Təbii ki, fikir plüralizmi dövründə hər kəsin şəxsi qənaətlərinin, subyektiv düşüncələrinin olması real və obyektivdir. Lakin bu tendensiya bəzən aşırı keyfiyyət almağa başlayır ki, məsələnin xoşagəlməyən tərəfi də ondan ibarətdir. Hər bir subyektiv fikir belə obyektiv həqiqətlərdən bəhrələnməlidir. Təəssüf ki, bəzən fikirlərin belə dəbdə olması kimi mənəvi böhranla qarşı-qarşıya qalmalı oluruq. Burada Mövlanadan bir fikri xatırlatmaq yerinə düşərdi. Mütəfəkkir ədib yazır: “Günün adamı olmağa çalışma, həqiqətin adamı olmağa çalış. Çünki gün dəyişir, həqiqət dəyişməz”.
Cəmiyyətimizdə bəzən bir mənəvi xəstəlik kimi təsadüf etdiyimiz “günün adamı” olmaq cəhdləri gənclərimizə doğru nümunə ola bilməz. Bu baxımdan da gənc nəslin təlim və tərbiyəsində düşüncənin, analitik təfəkkürün inkişafına önəm vermək lazımdır. Bu artıq qarşısıalınmaz informasiya axınında gəncin özünün doğru qəqar verməsinə yardım edəcəkdir.