“Erməni soyqırımı”na ikili münasibət

Qərbi topa tutan hakimiyyət Rusiyaya qucaq açır

Qondarma “erməni soyqırımı”nın daha bir ildönümü arxada qaldı. Yüz illik dövrü arxada qoyan “erməni soyqırımı” bu dəfə gündəmi zəbt etməklə yadda qaldı. Belə ki, Avropa Parlamenti qondarma “erməni soyqırımı”nı tanıdı. Təbii ki, Avropa Parlamentinin bu qərarı ədalətsiz idi və hamımız buna etiraz etdik. Məsələ burasındadır ki, hakimiyyətin bu “soyqırım” canfəşanlığı qeyri-səmimidir. Çünki, Avropa Parlamentini bu qərara görə “top”a tutan hakimiyyət, Rusiya prezidenti Putinin erməni sevgisinə münasibət bildirmədi.
Hakimiyyətin nəzarətində olan mətbuat orqanları, millət vəkilləri, PA rəsmiləri susmaq öhdəliyi götürüblər və iki gün öncəki canfəşanlıqdan əsər-əlamət yoxdur. Azərbaycan hakimiyyəti bütün dövrlərdə saxta vətənpərvərliklə məşğul olub və demokratiya, insan haqlarına hörmət tələb edən ölkələrə qarşı qara kampaniya aparıb. Indiki halda da sübut olundu ki, hakimiyyəti “erməni soyqırımı” məsələsi maraqlandırmır. Sadəcə olaraq bu məsələyə Qərbi şantaj etmək üçün fürsət kimi baxır. Putinin addımı isə hakimiyyəti arqumentsiz qoydu. 
 
Fuad Qəhrəmanlı: “Hakimiyyət ”soyqırım" məsələsindən istifadə edərək Qərbə qarşı aparılan kampaniyanın gerçək məqsədini pərdələməyə çalışır"
 
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki,ÿermənilərin “soyqırım” kampaniyasında rol alan və bu “soyqırımı” rəsmi tanıyan tərəflə münasibətdə strateji əməkdaşlıq nümayiş etdirildiyi halda, soyqırım ifadəsini işlədən və ya işlətməyən digər tərəfə qarşı münasibətdə fərqli ritorika sərgilənirsə, bu, qeyri-səmimilikdən başqa bir şey deyil.
“Azərbaycanın hakimiyyəti ”qondarma erməni soyqırımı"ndan istifadə edərək Azərbaycan cəmiyyətində Avropa Birliyinə qarşı mənfi fikir formalaşdırmağa çalışır. Bu günÿqondarma “soyqırım”la bağlı Avropa Birliyinin mövqeyi ermənilərlə yanaşı Azərbaycan hakimiyyətinin maraqlarına xidmət edir. Çünki, Qərb strukturları Azərbaycan hakimiyyətindən insan haqlarına hörmət tələb edir, repressiyaları dayandırmağı istəyir. Belə olan təqdirdə Azərbaycan hakimiyyətinin Qərbdən gələn demokratiya tələblərinə əks arqumenti qalmır. Ona görə də hakimiyyət “soyqırım” məsələsindən istifadə edərək Qərbə qarşı aparılan kampaniyanın gerçək məqsədini pərdələməyə çalışır. Sanki hakimiyyətin apardığı antiQərb kampaniyası Avropanın soyqırımla bağlı tutduğu mövqeyə görədir. Amma, əslində,ÿQərbə qarşı aparılan kampaniyanın kökündə hökumətdən demokratik prinsiplərə əməl etməsi tələbi dayanır. Bu faktı daha qabarıq üzə çıxaran məqamlar da var. Bilirik ki, Rusiya hakimiyyətinin qondarma soyqırımla bağlı qərarı var. Hətta dövlət başçısı Vladimir Putin qondarma soyqırımın yüz illiyi ilə bağlı Ermənistana səfər edərək orada tarixi həqiqətləri əks etdirməyən fikirlər söylədi. Ancaq bunlara baxmayaraq, Azərbaycan hakimiyyəti bu məsələ ilə bağlı nəinki hər hansı etiraz bildirmir, hətta Rusiyanı Azərbaycanın strateji əməkdaşı kimi təqdim edir".
Fuad Qəhrəmanlı bildirir ki, ABŞ prezidenti Barak Obama soyqırım ifadəsini işlətmədiyi halda, onun ermənipərəst mövqeyi ilə bağlı kampaniyaya şahidlik edilirsə, əvəzində soyqırımı tanıyan ölkə ilə sıx əməkdaşlıq qurulursa, bu, dövlətin maraqlarına zidd siyasətdir: “Necə olur ki, ermənilərin soyqırım kampaniyasında rol alan və bu soyqırımı rəsmi tanıyan tərəflə münasibətdə strateji əməkdaşlıq nümayiş etdirilir, ancaq soyqırım ifadəsini işlədən və ya işlətməyən digər tərəfə qarşı münasibətdə fərqli ritorika sərgilənir? Məntiqlə, bu halda hər iki tərəfə qarşı münasibət eyni olmalı idi. Hər iki tərəfə qarşı münasibət fərqlidirsə, deməli, hakimiyyət bu məsələdə səmimiyyətdən uzaqdır. Əslində, hakimiyyətin Avropa Parlamentinə qarşı qərəzli münasibətin kökündə dayanan əsas faktorlardan biri odur ki, bir müddət öncə bu qurum Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul etmişdi. Amma Avropa parlamenti Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr də qəbul edib. Bu fonda Avropa Parlamenti hədəf seçildiyi halda qondarma soyqırımı uzun illər öncə tanıyan Rusiyaya qarşı heç bir rəsmi mövqe bildirilmir”.
Roma Papasına yarınmaq üçün Vatikanın təmirinə külli miqdarda vəsait sərf olunduğu halda, onun ermənipərəst mövqeyinə şahidlik etdik. Bu da o deməkdir ki, hakimiyyət üçün nə soyqırım, nə Qarabağ, nə də dövlət maraqları önəmlidir. Hakimiyyət üçün önəmli olan hakimiyyətin qorunması məsələsidir. Putin hakimiyyəti Azərbaycan hakimiyyətini himayə edirsə, deməli, onların “soyqırımı” tanımasından asılı olmayaraq Azərbaycan hakimiyyətinin nəzərində tənqidedilməzdir".
 
Zahid Oruc: “Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərin üzərindən xətt çəkməklə nəsə qazana bilməz”
 
 
Millət vəkili Zahid Oruc “Azadlıq”a açıqlmasında bildirdi ki, Rusiya son dönəmdə Türkiyə ilə münasibətləri əvəzsiz qiymətləndirdiyini bildirirsə, bunun fonunda Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərin üzərindən xətt çəkməklə nəsə qazana bilməz: “Siyasətdə mövcud çoxparametrlilik halında müxtəlif yanaşmaların və fərqli təhlillərin aparıla biləcəyinə də şərait yaradılır. Avropa məkanında ”erməni soyqırımı" ilə bağlı atılan addımlar və çıxarılan qərarları Azərbaycanın bu ölkələrlə münasibətlərinin kontekstində dəyərləndirməyi yanlış sayıram.
2002-ci ildə Vatikan kilsəsində təmir işləri hələ aparılmasa da, o dönəmdə dünya miqyasında kifayət qədər məşhur isim olan Katoliklərin lideri Iohan Pavel məhz özünün sələfi üçün “soyqırım”la bağlı açıqlama vermişdi. O zaman artıq “soyqırım”la bağlı qərar verilmişdi. O cümlədən, Avropa Parlamenti 1987-ci və 2005-ci illərdə “soyqırım”la bağlı qərarını vermişdi. Avropa Parlamentinin budəfəki qətnaməsi artıq üçüncü sayılırdı.
Bizim Avropa Parlamentinə qarşı etdiyimiz protesti müttəfiqlik etdiyimiz Rusiya və Serbiyaya qarşı da etmək mümkündürmü? Əslində, Putinin son 20 gündə Ermənistana gedib-getməməsilə bağlı kifayət qədər tərəddüdlü olduğu müşahidə olunurdu və bu addımı atacağı halda onun əleyhinə hansı proseslərin gedəcəyini düşünürdü. Putin Ermənistana səfər etməklə “ölkənin sahibi kimdir” mesajını verirdi. Yəqin ki, Putin, eyni zamanda, dünya məkanında Ermənistana sahiblənmək istəyən dünya dövlətlərinə qarşı bir etiraz nümayiş etdirmiş olurdu. Bu mənada nədən Azərbaycan hakimiyyəti bu məqamları nəzərə alaraq Rusiya ilə münasibətləri korlamalı idi?
Biz Rusiya prezidenti Vladimir Putinin soyqırımla bağlı hər zaman sərt ritorika ilə danışdığına şahidlik edirdiksə, Ermənistanda isə o rusafobiyadan və qərbə olan münasibətdən danışdı. Putinin çıxışında bir cümlə belə olsun antiAzərbaycan mövqeyi görünmürdü, əksinə, daha artıq dərəcədə “Ermənistana sahiblik” mövqeyi ortaya qoydu.ÿ Mənimÿ mövqeyim ondanÿibarətdir ki, bu gün Azərbaycan hakimiyyəti Vatikan kilsəsi ilə münasibətlərini bəlli bir səviyyədə həyata keçirərkən gələcək dönəmdə Katolik liderinin Xocalı soyqırımına da eyni münasibəti göstərməyi üçün addımlar atmaqdadır.ÿBurada özəl haimiyyət maraqları axtarmaq doğru olmaz".
Rusiya əleyhinə etmək məsələsinə gəlincə, Zahid Oruc bildirdi ki,ÿAzərbaycan hakimiyyəti Rusiyaya qarşı yaxın keçmişdə dəfələrlə kəskin münasibət göstərib: “Azərbaycan hakimiyyətinin Rusiyaya qarşı zaman-zaman, hətta nota verdiyi hallar da özünü göstərib. Azərbaycanın indiki antiQərb ritorikası Rusiyanın təhlükələrindən sığortalanması niyyətindən irəli gəlmir. Hesab edirəm ki, əgər Rusiya son dönəmdə Türkiyə ilə münasibətləri əvəzsiz qiymətləndirdiyini bildirirsə, bunun fonunda Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərin üzərindən xətt çəkməklə nəsə qazana bilməz”.
Emil