SOCAR-la müəmmalı müqavilə ölkə mediasını və müxalifətini hərəkətə gətirib
Ötən ilin sonlarından başlayaraq ada dövləti olan Maltada Azərbaycanla bağlı ciddi skandal yaşanır. Bu skandalın başlıca səbəbi SOCAR-la Maltanın “Enemalta” şirkəti arasında bağlanmış müqavilədir. Malta mətbuatı artıq bir neçə aydır ki, bu məsələyə böyük diqqət göstərir.
Mətbuatla yanaşı Malta müxalifətinin lideri Saymon Busutti baş nazir Musqatı və enerji naziri Konrad Mizzini SOCAR-la təfərrüatları ictimaiyyətə açıqlanmayan müqavilə bağlamaqda ittiham edirlər. Maltanın Auditorlar Palatası müqavilə üzrə bütün sənədləri tələb etməsinə baxmayaraq iddia olunur ki, onların yalnız bir hissəsi təqdim edilib. SOCAR-la müqavilənin yanacağın qiymətinin düşməsinə səbəb olacağı haqqında bəyanatlar verilməsinə baxmayaraq qiymət daha da qalxıb və nəticədə istifadəçilərə 14 milyon avrodan artıq ziya dəyib. Malta mətbuatı və müxalifəti baş nazir Musqatı Ilham Əliyevlə ötən ilin dekabrında keçirilmiş görüşün faktiki ictimaiyyətdən gizlədilməsində ittiham edir. Malta müxalifətinin lideri artıq Azərbaycanda olan baş nazir Musqatın səfəri ərəfəsi bildirib ki, nəyə görə Maltanın baş naziri dünyanın ən çox korrupsiyaya qurşanmış ölkələrindən olan Azərbaycanla yaxşı münasibətlər saxlamağa böyük önəm verir? Məlumat verdiyimiz kimi son aylarda Malta mətbuatında Azərbaycandakı korrupsiya və repressiyalarla bağlı geniş məlumatlar dərc edilib. Ciddi narahatçılıq doğuran məsələlərdən biri də SOCAR-la müqavilə nəticəsində yanacaq istehlakçılarına ciddi ziyan vurulmasının səbəbkarı kimi günahlandırılan enerji naziri Mizzinin Azərbaycana neçə dəfə səfər etməsilə bağlı suala hələ də dəqiq cavab verməməsilə bağlıdır.



