Kənd təsərrüfatı naziri bəzi icra başçılarını və ASC sədrini hədəfə gətirəcək
Ölkə başçısı Ilham Əliyevin yanvarın 27-də keçirilən müşavirədə istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi barədə tapşırıqları kənd təsərrüfatı naziri Heydər Əsədovu hərəkətə gətirib. Bu barədə məlumatı “Reytinq” qəzeti yayıb.
Qəzetin yazdığına görə, Heydər Əsədov ölkə başçısının tapşırıqlarına əsasən yerlərdə ətraflı araşdırma apartdırıb və bununla bağlı təkliflər paketini Nazirlər Kabinetinə təqdim edib: “Təkliflər paketinə əsasən Torpaq Məcəlləsi ilə Inzibati Xətalar Məcəlləsinə dəyişikliklərin ediləcəyi gözlənilir. Dəyişiklikdən sonra isə iki il kənd təsərrüfatı torpağından təyinatı üzrə istifadə etməyənlər inzibati cəza alacaqlar. Onlara pul cəriməsi də kəsiləcək.
Istifadə edilməyən kənd təsərrüfatı torpaqlarının monitorinqi zamanı bəlli olub ki, 1996-cı ildə aparılan islahatlar zamanı 100 hektarlarla torpaq sahəsini ələ keçirən bəzi məmur və iş adamları onların böyük hissəsinin təyinatını dəyişərək satıblar. Bir hissəsi isə hasara alınaraq “dar gün” üçün saxlanılıb. Indi həmin torpaq sahələri ilə bağlı dosye hazırlanıb. Dosyedə torpaq sahələrinin kimlərə məxsus olması ilə yanaşı, onların qanunsuz satışında rol alan dövlət qurumlarının da adları var".
Məlumatda bildirilir ki, təyinatı dəyişdirilərək fiziki şəxslərə fərdi yaşayış evlərinin tikintisi üçün satılan torpaq sahələrinin monitorinqi bəzi bəzi icra başçılarını da çətin vəziyyətdə qoyacaq.
Torpaqların şoranlaşmasına gəlincə, bu məsələdə “Melorasiya və Su Təsərrüfatı” ASC məsuliyyət daşıyır. Heydər Əsədovun təkliflər paketi təkcə icra başçıları və iş adamları deyil, həm də bu qurum üçün ciddi problem yaradacaq.