“Humanitar aksiya” israfçılığı

YAP-çı deputat ermənipərəstlərin maliyyələşdirilməsinə haqq qazandırdı

 
Dəfələrlə yazmışıq ki, Azərbaycan hakimiyyətinin xaricdə  həyata keçirdiyi xeyriyyə layihələri, xərclənən milyonlarla vəsait ölkəyə heç bir divident gətirmir. Sadəcə olaraq hakimiyyət öz təbliğatını aparmaqla məşğul olub və “çox sağ ol” almaq üçün mədəni şəkildə rüşvət verib. Son günlər baş verənlər bunu bir daha təsdiqlədi. Belə ki, hakimiyyətin milyonlarla vəsait xərclədiyi ölkələr “erməni soyqırımı”nı tanıdı. Vatikan, Serbiya, Fransa, Rusiya kimi ölkələr bu qədər jestlərə baxmayaraq, ermənipərəst mövqedən çıxış etdi. Deməli, Heydər Əliyev fondu vasitəsilə bu ölkələrə xərclənən 100 milyonlar ermənipərəstliyə, erməni təbliğatına xidmət edib. 
Amma hakimiyyət bu ifşadan sonra da öz əməllərinə haqq qazandırmaq istəyir. Yapçı deputat Siyavuş Novruzov bildirib ki, bu ölkələrdə humanitar aksiya keçirmişik və bunun ermənipərəstliyə dəxli yoxdur: “Dövlətin vəsaitinin lüzumsuz yerə erməni havadarı olan dövlətlərə xərclənməsi fikri qəti şəkildə doğru deyil. Biz Vatikanda, başqa-başqa yerlərdə, müxtəlif ölkələrdə bu işləri həyata keçiririk. Bu, humanitar aksiyadır. Istər Vatikan, istər Fransa onsuz da erməni soyqırımını neçə illərdir ki, tanıyır. Onlar qondarma erməni soyqırımını sadəcə bu gün tanımayıblar ki? Burada söhbət bu dövlətlərin Azərbaycana olan münasibətindən gedir. Onların Azərbaycanla çox yaxın münasibətləri var. Lakin bu da bir həqiqətdir ki, hər bir ölkənin öz siyasəti var. Və sən bu siyasətə, onun gedişinə təsir edə bilməzsən. Biz də hər zaman demişik ki, başqa ölkələr bizim daxili işimizə qarışa bilməz. Biz də heç bir ölkənin daxili işinə qarışmırıq”- deyə Siyavuş Novruzov bildirib.
Görəsən, bunlar nə vaxt normal açıqlama verəcəklər? Əgər hər bir ölkənin öz siyasəti olduğunu dərk edirsinizsə, Qərbi niyə ermənipərəstlikdə ittiham edirsiniz? Milyonlar xərclədiyiniz Vatikanın, Fransanın, Rusiyanın mövqeyini normal qiymətləndirirsizsə, hansısa beynəlxalq təşkilatın tənqidini niyə “erməni lobbisi” ilə əlaqələndirirsiz? Yaxud Avropa Parlamentinin qətnaməsini niyə hədəf seçmisiniz? 
Necə olur ki, söhbət Vatikandan, Rusiyadan gedəndə ermənipərəstlik normal hal olur, Avropadan, Amerikadan gedəndə anormal? Əgər bu humanitar aksiyalar Azərbaycanın xarici siyasətində uğura xidmət etmirsə, bu ölkələr erməni təəssübkeşi kimi çıxış edirsə, ölkə sərvətləri niyə talan edilməlidir? 
Siyavuş Novruzov bu suallara cavab verməyəcək. Amma cavab budur ki, Azərbaycan hakimiyyətindən demokratiya tələb etməyən ölkələrin ermənipərəst olması qorxulu deyil. Və bu, hakimiyyətin marağındadır.
Bu ermənipərəst ölkələrə xərclənən vəsaiti, ölkə vətəndaşına xərcləmək olmazmı? Vatikanda “Filosoflar bağı”nı milyonlar xərcləyib təmir etməkdənsə, ölümlə çarpışan azyaşlı uşağın müalicəsinə pul ayırın. Yaxud Fransada muzeyləri təmir etdirmək əvəzinə, şəhid ailələrinin sığorta pulunu verin. 
Belə çıxır ki, hakimiyyət ölkə vətəndaşının haqqını ermənilərə xərcləyir və ernmənipərstlərin təminatı ilə məşğul olur.
Əsl səbəb budur. Hakimiyyət istəmir ki, bu ölkələr demokratiya, insan haqlarına hörmət, siyasi məhbuslara azadlıq tələb etsinlər. Ona görə də milyonları hədiyyə edirlər ki, bizim daxili işimizə qarışmayın. Vətəndaşı daha çox əzmək, büdcədən daha çox oğurlamaq üçün hamıdan susmağı tələb edirlər.
Siyavuş Novruzov hesab edir ki, ermənipərəstləri maliyyələşdirmək humanitar aksiyadır. Vətəndaşın maliyyələşdirilməsini tələb etmək isə ermənipərstlikdir.
Bir sözlə, açıq şəkildə xalqa deyirlər ki, “xərcləmişik, yaxşı eləmişik. Erməni bilər, biz bilərik. Siz bizim daxili işimizə qarışmayın”.
Azad