
Fevralın 21-də Mərkəzi Bankın manatın devalvasiya ilə bağlı verdiyi qərardan sonra vətəndaşlara daha bir zərbə dəydi. Bir gecənin içində vətəndaşlara 1.7 milyard manat ziyan vuruldu. Digər tərəfdən, kredit borcu ödəyənlərə də ağır zərbə oldu. Ölkə başçısı səviyyəsində “milli valyutanın məzənnəsi sabit qalacaq” vədi verilsə də, bu vədə əməl edilmədi və açıq şəkildə vətəndaş aldadıldı. Qarşıda isə manatın ikinci devalvasiyası gözlənilir. Ancaq hakimiyyət yenə də mənasız layihələrə milyardlar xərcləyir, ölkənin sərvətlərini talan etməyə davam edir. Sosial vəziyyəti ağırlaşan vətəndaşın isə taleyi heç kimə maraqlı deyil. Əksinə, Avropa Oyunlarına gələnlərin könlü xoş olsun deyə ölkədə abadlıq işləri aparılır, kasıb təbəqənin fəaliyyəti məhdudlaşdırılır, pis nümunələrin üzərinə “pərdə” örtülür. Yəni bu ölkədə heç bir fəaliyyət vətəndaşın marağına hesablanmayıb və Avropa Oyunlarından sonra qiymətlərin qalxması, işsizliyin səviyyəsinin artması proqnozlaşdırılır.
Bugün ölkə əhalisinin 2.5 milyon nəfəri kredit borcu ödəyir. O banklara ki, onlar məmurlara məxsusdur və əhaliyə ən yüksək faizlə pul verilir. Indi insanları maraqlandıran budur ki, Konstitusiya Məhkəməsi kredit borclarının ödənilməsi ilə bağlı hansı qərarı çıxaracaq. Qeyd edək ki, Konstitusiya Məhkəməsi mayın 7-də bu məsələyə aydınlıq gətirəcək. Konstitusiyaya əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə sahibdir, o sıradan məhkəmələr üçün məcburi xarakter daşıyır. Indi Konstitusiya Məhkəməsi bankların da, vətəndaşın da xeyrinə qərar çıxara bilər. Təbii ki, Azərbaycan reallığında vətəndaşın xeyrinə qərar çıxarıldığı müşahidə olunmayıb və bütün məhkəmələrin hakimiyyətin sifarişini yerinə yetirdiyi şübhəsizdir. Amma ölkə vətəndaşları məsələnin xalqın xeyrinə həll olunmasını təmin edə bilər. Bəli, əgər vətəndaşlar hakimiyyətin qarşısında tələb irəli sürsələr, bu soyğunçuluğa, talançılığa etiraz etməyi bacarsalar, nəticə xalqın xeyrinə olacaq. Amma hakimiyyət müşahidə etsə ki, kredit borcu olanlar bu acınacaqlı vəziyyətlə də barışıb, o zaman talançılığa davam edəcəklər.
Məhz bu problemlərin həlli üçün, vətəndaşın müflisləşdirilməsinin qarşısının alınmasına görə və kredit borcu olanların vəziyyətinin yüngülləşdirilməsi naminə Milli Şura mayın 3-də növbəti mitinqini keçirəcək. Budəfəki mitinq də “Talana son” adı ilə keçiriləcək və hakimiyyətin yarıtmaz siyasətini durdurmaq məqsədi daşıyır.
Ona görə də 3 may mitinqində kredit borcu olanlar daha kütləvi iştirak etməlidilər. Bu hakimiyyət Belarusa, Serbiyaya və digər ölkələrə 1-2 faizlə kredit verdiyi halda, ölkə vətəndaşına 25-30 faizlə verir.
Ey kredit borcu olanlar! Bu qədər talan edilməyə biganə qalmayın. Konstitusiya Məhkəməsinin müsbət qərar çıxarması, hakimiyyətin bank faizlərini aşağı salması üçün meydanda olun. Hakimiyyət qarşısında hesabat verəcəyi qüvvəni görməsə, heç bir islahat aparmayacaq. Ayağa qalxın və əcnəbiyə göstərilən hörməti özünüzə də tələb edin. Bu hakimiyyət erməninin hesabını ödədiyi halda, vətəndaşın borcunu azaltmağa da səy göstərmir.
Bugün kredit borcu olan hər bir vətəndaş narazıdır. Amma bu narazılıq ürəklərdən meydanlara tökülməsə, hakimiyyətin mövqeyi dəyişməz qalacaq.
Mayın 3-də mitinqə gəlin və bu hakimiyyətin mənbəyinin xalq olduğunu sübut edin. Bu sizin haqqınızıdır. Nə qədər ki, vətəndaşlıq borcunu yerinə yetirməmisiz, hakimiyyətin yüklədiyi borc altında inləməyə məhkum olacaqsız.
Akif