Əbülfəz Qurbanlı
Ədalət qaydadır, müstəsnalıq deyil. İş elə gətirib ki, Azərbaycan kimi ölkədə ədalətlilik qayda halından çıxaraq, özəl keyfiyyətə çevrilib. Ədalət bərqərar olmayana qədər nə toplum, nə də ayrı-ayrı fərdlər mütərəqqi məqsədlərə çata bilməyəcək. 50 yaşı tamam olan Əli Kərimli ilk növbədə ədalətli şəxsdir. Biz bunu partiya idarəçiliyində deyil, həm də başqalarına münasibətdə müşahidə etmişik.
2009-cu ildən Əli bəylə birbaşa ünsiyyətim yaranıb. Partiyanın idarəçiliyində hər zaman ardıcıl, təşəbbüskar və dəqiq olmağı öyrənmişik. Bəzən insaf və ədalətdən məhrum olanlar bizləri "Əli Kərimli fanatı" adlandırırlar. Doğru ideyaların ardınca və bu ideyaların müəllifinin göstərdiyi yolla getmək fanatizmdirsə, nəticə Azərbaycanın gözəl gələcəyinə xidmət edəcəksə, nə mutlu bizlərə. Demək ki, hər cür haqsız tənələrə rəğmən yola davam etməliyik.
Gözümüzün qarşısında ölkəmiz məhv olur və bir qrup insan gələcəyimizi talan edir, siyasi sistem çökdürülür, vicdanlı insanlara qarşı ləyaqətsizcəsinə hücumlar edilir. Bəs, hər cür hücumlara məruz qalan AXCP niyə yenilmir? Çünki ortada iradə var, haqqın iradəsi. Çünki "qərar vermisənsə, tərəddüd etmədən həyata keçir" deyərək ruhlandıran lider var.
50 yaşıniz mübarək olsun, Ustad! Biz sizinlə birlikdə arzuladığımız Azərbaycanı quracağıq. Siz əsrin yarısını şərəflə yaşamağın və ümumbəşəri dəyərlər uğrunda savaşmağın nümunəsini yaratmış insansınız. Tanrı sizi qorusun!


