Alman qəzetindən Avropa Oyunlarını boykot çağırışı

“Avropa Oyunlarını boykot edin! Bunu etmirsinizsə, heç olmasa, Azərbaycan hökumətindən aldığınız pulları bu ölkədəki siyasi məhbusların ailələrinə xərcləyin!”

Almaniyanın ən tiraclı qəzeti olan “Bild” Bakıda keçiriləcək Avropa Oyunları fonunda bu ölkədəki repressiyalar barədə geniş məqalə yayımlayıb.” Əziz idmançılar, Avropa Oyunlarını boykot edin!? başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
 
Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını təxminən 50 gün qalıb. Iyunun 12-dən 28-dək davam edəcək turnirdə bütün Avropadan təxminən 6000 idmançı rəqabət aparacaq. Hətta idmanın bir neçə növü üzrə Olimpiadaya vəsiqə uğrunda da mübarizə aparacaqlar. Paytaxt Bakıda baş tutacaq turnirdə Almaniyadan 16 idman növü üzrə 267 idmançı iştirak edəcək. Onların arasında gimnastika və stolüstü tennis üzrə dünya çempionları Fabian Hambyuhen, Timo Bolla da var.
Gələn il “Formula-1” yarışı da Bakıda keçiriləcək.
Amma keçmiş sovet ölkəsi olan Azərbaycanda  yeni idman arenalarının xoş təəssürat yaradan fasadlarının arxasında  müstəqil jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı sərt repressiyalar var. Burada hökuməti tənqid edən jurnalistlər, hüquq müdafiəçiləri, fəallar ya həbsxanadadır, ya da ölkəni tərk etmək məcburiyyətində qalıb. Azərbaycan hökumətini tənqid edən əcnəbi jurnalistlətin, hətta “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının əməkdaşının bu ölkəyə girişinə imkan verilməyib.
Azərbaycanda tanınmış jurnalistlərdən olan Idrak Abbasov da ölkəni tərk etmək məcburiyyətində qalıb və hazırda Norveçdə yaşayır. Abbasovun təxminən 20 il jurnalist təcrübəsi var. O, Azərbaycandakı “Zerkalo” qəzetinin əməkdaşı olub.  Bu qəzet keçən il fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Abbasov  dəfələrlə etiraz aksiyalarında zorakılığa məruz qalıb, hətta Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən də döyülüb. Bu cür zorakılıqlar nəticəsində onun gözlərində və böyrəklərində ciddi problemlər yaranıb, qabırğaları sınıb. Doğrudur, “Sərhədsiz Reportyor” söz azadlığını müdafiə təşkilatı onun üçün əməliyyat xərclərini ödəyib, lakin Abbasov bütün ömrü boyu səhhətindəki bu problemdən əziyyət çəkəcək.
“Mən eynəkdən istifadə edirəm, çünki məruz qaldığım zorakılıq nəticəsində gözümün birinin görmə qabiliyyəti hələ də bərpa olunmayıb”, – deyə jurnalist bildirib.
Jurnalistə qarşı zorakılıqlara görə məsuliyyət daşıyan şəxslərin heç biri cəzalandırılmayıb.
Amma bütün bunlar Abbasovu qorxutmayıb və o, işini davam etdirib. 
Idrak Abbasovun hüquq-mühafizə orqanlarında çalışan dostu ötən ilin avqustunda onu xəbərdar edib ki, ona qarşı cinayət işi başlayıb, həbs eləməyi planlaşdırırlar. Bu səbəbdən o, həyat yoldaşı və üç uşağını da götürüb tələsik ölkəni tərk edib.
Idrak Abbasov Avropa Oyunlarına Azərbaycan hökumətinin piar-kampaniyası üçün fürsət kimi baxır: “Idmançılar yaxşı obyektlərdə məşq edəcəklər, onların bütün səfər, qalmaq xərcləri ödəniləcək. Halbuki, həmin möhtəşəm binalar ölkənin əhalisinə qarşı biganə münasibət fonunda ərsəyə gəlib. Özünəhörmət hissi olan idmançı bu turnirdə iştirak etməməlidir”, -deyə Idrak Abbasov bildirib.
“Avropa Oyunlarını boykot edin! Bunu etmirsinizsə də, heç olmasa, Azərbaycan hökumətindən aldığınız pulları bu ölkədəki siyasi məhbusların ailələrinə xərcləyin!?, – deyə hüquq müdafiəçiləri çağırış edir.
Azərbaycandakı repressiyalardan, çoxsaylı həbslərdən sonra vətəndaş cəmiyyəti həddindən artıq zəifləyib, “Eurovision” musiqi yarışması ərəfəsində təşkil olunan etiraz aksiyalarını indi yenidən təşkil edəcək kimsə yoxdur.
Azərbaycanda təxminən 15 il hərbi jurnalist olmuş Cəsur Məmmədov da ölkəni tərk etmək məcburiyyətində qalıb. O və həmkarları hər ay bu ölkədə ölən əsgərlərin siyahısını hazırlayıb yayırdı. 
“Məni üç dəfə nazirliyə çağırıb xəbərdarlıq eləmişdilər ki, əgər geri çəkilməsəm, həbs edəcəklər. Amma mən əlbəttə ki, işimi dayandırmırdım”, – deyə Məmmədov bildirib.
O, ötən ilin sentyabrında ailəsilə birlikdə ölkədən qaçıb və Almaniyada siyasi sığınacaq alıb.
Maraqlıdır, Məmmov ölkəsində müsbət dəyişikliyə ümid edirmi?
“Təəssüf ki, mənim buna çox ciddi şübhələrim var”, – deyə Cəsur Məmmədov bildirib.
Bir çox azərbaycanlılar Avropa Oyunlarına ölkədə insan haqlarının vəziyyətinə diqqət çəkmək üçün fürsət kimi baxırlar. Son yeddi ayda ölkənin demək olar ki, bütün tanınmış jurnalist və hüquq müdafiəçiləri həbs olunub, onlara qarşı müxtəlif ittihamlar irəli sürülüb. Həbs olunmayanlar da ölkədən qaçmaq məcburiyyətində qalıb.
Almaniyalı deputat, Avropa Şueası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi olmuş Kristofer Ştrasser deyir ki, Azərbaycanda tənqidçi kəsim üçün məkan görünməmiş həddə daralıb. Amma o, bədbin deyil: “Biz xüsusən siyasi motivlərlə həbs olunanların, hüquq müdafiəçilərinin məsələsini, səhhətində ciddi problemlər olan Leyla Yunus və onun kimilərlə bağlı işləri diqqətdə saxlayırıq”.
Azərbaycan qeyri-azad ölkədir. Hazırda bu ölkənin həbsxanalarında ən azı 100 siyasi məhbus var. Onların da 15-i hökuməti tənqid etdiyinə görə həbs olunmuş jurnalist və bloggerlərdir.
“Sərhədsiz Reportyorlar”ın reytinq cədvəlində Azərbaycan söz azadlığının vəziyyətinə görə 180 ölkə arasında 160-cı yeri tutur. “Freedom House” Azərbaycanı “qeyri-azad” ölkələr kateqoriyasına daxil edib. Bu ölkədə müstəqil media yoxdur.