“Azadlıq”a müraciət edən Bərdə rayonu, Mirzalıbəyli kənd sakinləri Telman Əliyev və Ilduzə Əliyeva üzləşdikləri problemdən bəhs ediblər. Onların müraciətində deyilir:
“Bərdə rayon məhkəməsinin 27 noyabr 2013-cü il tarixli qətnaməsindən cavabdeh Ildırım Məlikova, Milzalıbəyli bələdiyyəsinə, rayon 1 və 2 saylı notariat kontoruna qarşı zəbt etdiyi 0,43 ha torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiamız əsassız olaraq rədd edilib. Rayon məhkəməsinin bu qətnaməsindən biz apelyasiya şikayəti verərək şikayətimizin təmin edilməsini, cavabdeh Ildırım Məlikovun zəbt etdiyi torpaq sahəsindən çıxarılması və sahəyə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə 1-ci instansiya məhkəməsinin ədalətsiz qərarından yazdığımız şikayət Gəncə Apelyasiya məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2014-cü qətnaməsiylə qismən təmin edilib, Bərdə rayon məhkəməsinin 27 noyabr 2013-cü il tarixli qətnaməsiylə ləğv edilib. Bizim torpağı zəbt edən şəxsin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin qaytarılması və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbimiz təmin edilməyib. Ali Məhkəmə də işə mahiyyəti üzrə baxıb, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, obyektiv araşdırmayıb, mübahisə mahiyyəti üzrə düzgün həll olunmayıb. Maddi və prosessual hüquq normaları, ədalətli məhkəmə baxışı hüquqlarımız əhəmiyyətli dərəcədə pozulub. Biz kassasiya şikayətimizdə bildirmişik ki, 2006-cı ilin aprelində pay torpağının 0,24 ha hissəsinin satılmasına dair notariusda imza atılıb, cavabdehdən 4000 manat pul alınıb, lakin bizə heç bir sənəd verilməyib.
Bələdiyyə sədri Ildırım Məlikov sahəmizə gedən yolu daraldıb və texnikanın sahəyə aparılması mümkün olmayıb. Yolun genişləndirilməsini Ildırımdan xahiş etsək də o, yolu 2013-cü ilin martından bugünə kimi düzəltdirməyib. Sənədləri gətirib yoxlatdırandan sonra 0,44 ha əvəzinə, 0,89 ha zəbt olunduğunu bilmişik. Ali Məhkəmənin Mülki Kollegiyasının 24 dekabr 2014-cü il tarixli qərarı və Gəncə Apelyasiya məhkəməsinin 18 avqust 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsini, işin Gəncə Apelyasiya məhkəməsinə yenidən baxılmağa göndərilməsini xahiş edirik".
Sosial şöbə


