Vəziyyətə hesablanmamış silsilə sərəncamlar

Dəyəri 100 000 avro olan kombaynlar büdcənin talan edilməsidir

İdxal olunan məhsulların real qiymətləri gömrük sənədlərindəkindən ən azı 3-4 dəfə yüksəkdir

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov

Kənd Təsərrüfatı naziri Heydər Əsədov Az TV-yə müsahibə verib. Nazir müsahibəsində  kənd təsərrüfatı sahəsində texniki təminatla bağlı məsələyə toxunan zaman  qeyd edib ki, "keçən ildən etibarən cənab prezident silsilə olaraq bir neçə sərəncamla vəsait ayırdı və vəsaitlər bu istiqamətə yönəldi. Hətta əminlik hissi ilə deyə bilərəm ki, bizim artıq kombaynlarımız var. Biz onun ikinci əkində istifadəsini düşünərək, ikinci becərilmədə biz bunların artıqlaması ilə gətirilməsinə nail olduq, ikincisi isə qiymət oynamasın, bazara daha artıq, xidmətə daha artıq kombayn çıxardaq ki, təklif tələbi üstələsin".

Heydər Əsədovun yanlışları

Onu deyim ki, hörmətli nazir artıq bilməlidir ki, kombayndan əkində, becərmədə deyil, yalnız biçində istifadə olunur. İkinci əkin üçün artıq kombaynlar almaq isə  heç bir məntiqə sığmır. Ona görə ki, bizim regionda bir ildə iki dəfə arpa, buğda, vələmir yetişdirmək mümkün olmur, hətta olsa belə mövcud kombayn parkı bu işin öhtəsindən vaxtlı-vaxtında gələ bilər. Onu da qeyd edim ki, ümumiyyətlə taxılyığan kombaynlardan ən yaxşı halda il ərzində 30-35 gün istifadə olunur, qalan 330 gün ərzində kombaynlar istifadəsiz qalır və qarlı, yağışlı havalarda açıq səma altında qalaraq daha tez yararsız hala düşür. 

Artıq kombaynların alınması məntiqsizlikdir

Dövlət hesabına artıq sayda əvvəlcədən bahalı, dəyəri 100 000 avro olan kombaynlar alaraq, heç bir əsas olmadan "qiymət oynamasın" deyə "bazara daha artıq, xidmətə daha artıq kombayn çıxartmaq" və bu yolla təklifi tələbdən üstün etmək israfçılıq, bədxərcliklə yanaşı həm də büdcə vəsaitlərinin qeyri-səmərəli xərclənməsi, talan edilməsi deməkdir. Fermerlər toxum səpən, kartof yığan, qarğıdalı yığan, ot biçən, ot presləyən, çiləyici, tozlayıcı və sair texnika çatışmazlığından əziyyət çəkdiyi bir vaxtda artıq kombaynlar alınması heç bir məntiqə sığmır. Axı taxılı biçməzdən əvvəl əkmək, səpmək, becərmək, bir sözlə istehsal etmək lazımdı. Payızlıq taxıl səpininin gecikdirilməsi və elə bu səbəbdən də məhsuldarlığın kəskin aşağı  düşməsi məhz texnika çatışmazlığı ilə bağlıdır. Axı necə ola bilər ki, dövlət büdcəsindən külli miqdarda maliyyə vəsaiti hesablamalar aparmadan ayrılsın, “prezident silsilə olaraq bir neçə sərəncam” imzalasın?

Əhali sayından artıq texnika

Bu azmış kimi hörmətli nazir çıxışına davam edərək deyir ki, “yaxın günlərdə yenə 6 milyona qədər kənd təsərrüfatı texnikasının kənd təsərrüfatı məhsulu istehsalçılarına gətirilib təhvil verilməsi təmin olunacaq”. Kəndlərdə körpə uşaqdan qocaya qədər cəmi 4,4 milyon əhali yaşadığı halda, təsəvür edirsiniz, 6 milyon texnikanı? lazım olandan 100 dəfə çox! Bəlkə burada da “artıqlaması ilə gətirilməsinə nail” olacaqlar ki, “qiymət oynamasın, bazara daha artıq, xidmətə daha artıq” texnika çıxardacaqlar ki, təklif tələbi üstələsin". Biz uzun müddətdir təklif edirik ki, dövlət məmurlarını dövlət büdcəsinə yaxın buraxmasınlar. Bunun həm əsas işə, həm də büdcəyə zərəri var.

Nazirlik nə etməlidir?

Nazirlik əsasən siyasətlə məşğul olmalı, normal istehsal mühiti yaratmalıdı. Məhsulun istehsalı, satışı ilə bağlı ortaya çıxacaq problemlərin qarşısını almaq üçün qanun və qaydaların hazırlanmasına, qəbul olunmasına, mövcud qanunlarda olan boşluqların aradan qaldırılmasına, qəbul olunan qanunların təkmilləşdirilməsinə çalışmalıdır. Bununla yanaşı kənd təsərrüfatının inkişaf etdirilməsi üçün proqramların qəbul olunmasına, fermerlərin istehsala marağını artırmaq məqsədi ilə stimullaşdırıcı tədbirlər həyata keçirməlidir. Təəssüflər olsun ki, kənd təsərrüfatı nazirliyi özünü təchizat işləri ilə yüklədiyi üçün əsas funksiyasını yerinə yetirə bilmir. Hökumət nazirliyin işini asanlaşdırmaq üçün bəzi funksiyaları digər qurumlara həvalə etməsi məsləhətdir. Belə ki, subsiyiyaların paylanması maliyyə nazirliyi, texnika, gübrə və digər istehsal vasitələrinin isə ölkəyə gətirilməsi , satışı özəl qurumlar tərəfindən həyata keçirilsə daha effektli olar.

Nazirin «bəsit» saydığı qiymətləndirmələr

Hörmətli nazir ekspertlərin istehsalla, qiymətlə bağlı mətbuatda apardıqları müqayisələri “bəsit” adlandırıb.  Xatırladım ki, kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bağlı İqtisadi Tədqiqatlar Mərkəzinin apardığı müqayisələr heç də nazir düşündüyü kimi bəsit  deyil, hərtərəfli olaraq,mövsümü  nəzərə alaraq əvvəlki  illərin anoloji dövrü ilə yanaşı, hətta qonşu ölkələrdə mövcud olan qiymətlərlə də müqayisə olunur. Qaldı ki, qiymətlərin əvvəlki aylarla müqayisəsinə, bu  bütün ölkələrdə aparılır, Dövlət Statistika Komitəsi də belə məlumatları açıqlayır. Bu kimi müqayisələri beynəlxalq təşkilatlar da aparır. Nazirin digər iradı isə ölkəyə idxal olunan mal, məhsullarla bağlı idi. Nazir qeyd edir ki, “son 10 ildə idxal 4,1 dəfə artıbsa, ixracımız 4,5 dəfə artıb”. Nazirin səsləndirdiyi bu “göstəricinin” dəqiqliyinə  şübhə olsa da bu məsələnin üzərində dayanmayacam. Son zamanlar apardığımız araşdırmalar nəticəsində ictimaiyyətə təqdim etdiyimiz  kənd təsərrüfatı məhsullarının idxal qiymətləri onu deməyə əsas verir ki, əslində idxal olunan məhsulların real qiymətləri gömrük sənədlərində  göstərilən rəqəmlərdən  ən azı 3-4 dəfə yüksəkdir. Biz dəfələrlə qeyd etmişik ki, əvvəllər ölkəyə idxal olunan məhsulların həcmi indikindən az olub. Misal üçün 2000-cu ildə buğda idxalı 730 min ton (idxal olunan unu da buğdaya çevirmək şərti ilə) olduğu halda 2013-cü ildə bu rəqəm 2 dəfə artaraq 1,5 milyon ton (idxal olunan unu buğdaya çevirmək şərti ilə) təşkil edib. Artıq demək olar ki,  strateji əhəmiyyət kəsb edən ərzaq buğdası idxalı ölkənin təlabatı qədərdir. Eləcə də diğər məhsulların idxalı ciddi olaraq artıb. Xatırladım ki, 2014 cü ildə strateji əhəmiyyət kəsb edən taxıl istehsalı əvvəlki ilə nisbətən 575 min ton azalıb. Azalan isə əsasən buğda olub. Belə ki, ötən il 2013-cü ilə nisbətən 451 min ton az buğda istehsal olunub. Halbuki bu qədər buğda ilə ölkənin 4 aylıq çörəyə və un məmulatlarına olan təlabatını tam ödəmək olardı. İkinci çörək hesab olunan kartof istehsalının 2014-cü ildə 173 min ton azalması da çox ciddi məsələdir. Bu qədər məhsulla Azərbaycanın 2 aylıq kartofa olan təlabatını ödəmək mümkün idi. Tərəvəz, üzüm, çay və sair məhsulların da istehsalında ciddi azalmalar olub.

Nazirin fərəhi

Hörmətli nazir fərəhlə qeyd edir ki, ölkənin şəkərə, bitki yağına olan təlabatında bəzi komponentlərin idxal olunması heç də pis hal deyil. Qeyd edim ki,yalnız xam şəkər, xam bitki yağları və çay idxalı üçün 2014-cü ildə ödənilən 300 milyon dollarmaliyyə vəsaiti əcnəbi fermerlərin cibinə axıb, onların biznesini genişləndirib. Halbuki həmin məhsulları daxildə istehsal edərək bu vəsaitləri bizim fermerlər əldə edə bilər, xarici aslılıq da azalar.

Əlbəttə bütün ərzaq mallarını idxalın hesabına təmin etmək daha asan və məmur-oliqarxlar üçün də sərfəli olar. Onu da qeyd edim ki, Sinqapur kimi inkişaf etmiş ölkə ərzaq təhlükəsizliyini yalnız idxalın hesabına təmin edir, ona görə ki, onların kənd təsərrüfatı məhsulu istehsalı üçün torpaq əraziləri yoxdur. Əgər vəziyyət belə gedərsə,bu sahəni təftişlər, müfəttişlər idarə edəcəksə Azərbaycanın da ərzaq təminatı tam idxaldan aslı olacaq. Düşünürəm ki, belə olan halda Sinqapurda olduğu kimi Azərbaycandada kənd təsərrüfatı nazirliyinə ehtiyac olmaz.

Hörmətli nazir yenə qiymət artımlarının “ təbi olaraq qiymət dispariteti baş verməsi” nəticəsində baş verdiyini vurğuladı.  İstehsal vasitələrinin qiymətlərində artımların olması ilə əlaqələndirdi. Əvvələr də bu sual yaranmışdı.Yenə sual olunur,  bəs qonşu Gürcüstanda, Ermənistanda “təbii olaraq, qiymət dispariteti baş verməsin deyə, qiymətdə müəyyən artımlar baş” verirmi? Məgər Gürcüstan, Ermənistan fermerləri məhsul istehsal edən zaman istehsal vasitələrindən, o cümlədən mineral gübrədən, texnikadan istifadə etmirlər? Gürcüstandan idxal olunan heyvanlara tətbiq olunan gömrük rüsumu, daşınma üçün ikitərəfli nəqliyyat xərci və digər ödəmələr tətbiq olunmasına rəğmən, Azərbaycanda həmin heyvanlar yerli heyvanlardan 15-20 faiz ucuz təklif olunur.

Azərbaycandan fərqli olaraq neft məhsullarını idxal edən, çox zəif maliyyə resursuna malik olan Gürcüstandan 2013-cü ildə ildə Azərbaycana  əsasən kəsim üçün 109 min 435 baş diri iribuynuzlu mal-qara, 163 min 435 baş qoyun  idxal olunub. Düzdür, bu iri buynuzlu hevanların hər birinin idxal dəyəri çox gülməli qiymətə, orta hesabla 29 dollar 91 sentə, yəni 3 kq ət qiymətinə sənədləşdirilsə də mütəxəssislər çox yaxşı bilir ki,Gürcüstan fermerlərinə çatacaq maliyyə vəsaiti bundan 10-15 dəfə çox olub. Onu da qeyd edim ki, ölkəyə gətirilən hər bir başqoyunlarınidxal qiyməti də real dəyərindən çox ucuz qiymətə orta hesabla 13 dollara sənədləşdirilib. Sənədləşmədə fırıldaqlığa yol verilsə də fakt odur ki, Gürcüstandan Azərbaycana mal, məhsul axını var, deməli  onlarda həmin malların istehsal qiyməti bizimkindən xeyli ucuzdur. Belə olan halda yəqin ki, gürcülər qiymət dispariteti məsələsinin həllini bazarın ümidinə buraxmayıblar, peşəkarlıqla tarazlaya biliblər.

Düşünürəm ki, hər kəs öz üzərində çalışsa, bacardığı işin qulpundan yapışsa, vəzifə borcunu anlasa və yerinə yetirsə daha yaxşı olar.