Rusiyanın Daxili İşlər Nazirliyi yerli hakimiyyətin icazəsi olmadan Çeçenistanda işləyən federal güc strukturlarının nümayəndələrinə atəş açmaq barədə Ramzan Kadırovun çağırışını pisləyib. Moskvanın tənqidinə səbəb olan bəyanat aprelin 23-də, Qroznıda federal qüvvələrin keçirdiyi xüsusi əməliyyatdan sonra səslənib.
Stavropol diyarı və Qroznının tabeçiliyində olmayan Rusiya güc strukturlarının Çeçenistandakı bölməsi tərəfindən həyata keçirilən əməliyyatda ağır bədən xəsarətləri yetirməkdə şübhəli olan Cambulat Dadayev qətlə yetirilib.
Kadırov əməliyyat barədə xəbəri olmadığını deyərək bu kimi hallara yol verməməyə səsləyib.
"Bizimlə hesablaşmalıdırlar”, – Çeçenistan Daxili İşlər Nazirliyinin kollegiyasında çıxış edən Ramzan Kadırov deyib. O, bu kimi vəziyyətlərdə yerli polisə atəş açmaq məsləhətini verib.
Rusiya Daxili İşlər Nazirliyinin cümə axşamı yaydığı açıqlamasında deyilir ki, Çeçenistan Respublikası rəhbərinin yerli hüquq-mühafizə orqanlarının başqa regionlardan gələn əməkdaşlarına atəş açmaq barədə bəyanatı "yolverilməzdir".
Açıqlamaya əsasən Stavropol diyarının polisi aprelin 19-da Qroznıda əməliyyat keçirəcəyi ilə bağlı planları barədə Çeçenistan Cinayət Axtarış İdarəsinin əməkdaşlarını öncədən məlumatlandırmışdı.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələni şərh etməyəcəyini deyib: "Eşitdiniz, gördünüz, oxudunuz. Şərh etməyəcəm”.
Qalmaqalın ardınca son şərhində Çeçenistan rəhbəri hadisəni məişət zəmində mübahisə kimi dəyərləndirib. (BBC azeri)


