Bolqarıstan da erməni qətliamını tanıdı

1915-si il olayları ilə bağlı daha bir qərar Bolqarıstan parlamentindən gəlib. Bolqarıstan parlamenti tarixində ilk dəfə olaraq məlum olayları kütləvi qətliam kimi tanıyıb. Qanun səviyyəsində olan qərarda 24 aprel «qurbanları anma günü» kimi göstərilib. 193 deputatın iştirak etdiyi islasda qərarın lehinə 157 səs verilib. Qərara türklərin təmsil olunduğu Haqq və Azadlıq Partiyasından seçilən deputat Lütvi Mestan sərt təpki verib. Mestan bu qərarın Türkiyə ilə münasibətləri zədələyə biləcəyini bildirib. Qərarın qəbulundan sonra millət vəkillərindən bir dəqiqəlik sükut üçün ayağa qalxmaları istənilib. Bu zaman L.Mestan və partiyasının deputatları etiraz olaraq parlament zalını tərk ediblər.     
Məlumatlara görə, qərarla bağlı təşəbbüs Bolqarıstanın ifrat millətçi partiyası olan ATAKA-dan gəlib. Partiya 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirməyi təklif edib. Lakin baş nazir Boyko Borisov «soyqırım» sözünə etiraz edərək onun «ermənilərin kütləvi qətliamı» ifadəsiylə əvəzlənməsini istəyib.  
Parlamentdəki Bolqarıstan-Türkiyə Dostluq Qrupunun rəhbəri Şabanəli Əhməd yanlış bir qərara imza atıldığını, bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini bildirib: «Belə bir qərarın qəbulu yolverilməzdir. Savaşda ölən insanların acılarına biz də hörmət edirik. Amma bir toplumun soyqırıma məruz qaldığı fikrini qətiyyətlə rədd elirik.  Bolqarıstanın bu məsələdə tərəf olmasını da qəbul etmirik. Bolqarıstan bu qərarla cəmiyyətə zərər və itki yaşadacaq». 
Gültəkin