Xəbər verildiyi kimi, 2015-ci il martın 1-nə olan vəziyyətə görə Azərbaycanda genişləndirilmiş pul bazası 9 736,1 milyon manat təşkil edib. Bu isə əvvəki aylarla müqayisədə 9,5 faiz azdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yanvar-fevral aylarının yekunları üzrə hesabatında deyilir. Qeyd olunur ki, ölkədə pul bazası 13,4 faiz azalıb. 2014-cü il fevralın yekunları üzrə bu göstərici 11 244,6 milyon manat olub.
AMB-nin məlumatına əsasən, 2015-ci il martın 1-nə manatda pul bazası 9 109,9 milyon manat olub. Bu göstərici yanvarda 10 551 milyon manat, 2014-cü ilin martın 1-də isə 11 136,5 milyon manat təşkil edib.
Hesabat dövründə tədavüldəki pul həcmi 8 701,1 milyon manat təşkil edib. 2015-ci ilin fevralında tədavüldəki pul kütləsinin pul bazasına nisbəti əvvəlki aylarla müqayisədə 4,9 faiz, 2014-cü il martın 1-nə olan analoci göstərici üzrə isə 5 faiz azalaraq 89,4 faiz təşkil edib.
Ekspert Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bank intervensiya vasitəsilə bazardan yığdığı manat kütləsini yenidən bazara qaytara bilmir. Ekspert söyləyib ki, 2015-ci ilin 2 ayı ərzində pul bazası 18 faiz azalaraq, 11,9 milyarddan 9,7 milyard manata düşüb. Sonuncu dəfə 2013-cü ilin yanvarında pul bazası indiki səviyyədə olub və sonrakı dövrlərdə hətta təxminən 12 milyard manata qədər artıb:
“Pul bazasının azalmasına səbəb dövriyyədə olan nağd pulun azalması olub. Nağd pulun azalması fevral ayında özünü daha qabarıq göstərib. Devalvasiya ayında nağd pulun həcmi 1,4 milyard manat azalaraq, 8,7 milyard manata qədər düşüb. Bu, 2011-ci ildən sonra ən aşağı səviyyədir. Ümumən götürdükdə nağd pulun azalması ötən ilin iyulundan müşahidə edilir. Həmin ay bu göstərici 11,1 milyard manat olduğu halda, bu gün 8,7 milyard manata qədər azalıb. Bu azalma məhz dünya bazarlarında neftin ucuzlaşmağa meylləndiyi dövrdən başlayıb. Neft gəlirlərinin azalması fonunda manata təzyiqin artması və dollarlaşma səviyyəsinin artması dövriyyədə nağd pul kütləsinin həcmini məhdudlaşdırır. Mərkəzi Bank intervensiya vasitəsilə bazardan yığdığı manat kütləsini yenidən bazara qaytara bilmir. Səbəb bankların manat kreditlərini məhdudlaşdırmasıdır. Banklar hazırda dollarla kredit verməyə üstünlük verir, manat krediti isə almaq qeyri-mümkündür. Bankların Mərkəzi Bankda yerləşdirdiyi ehtiyatlarının həcmi 1 milyard manatdan çoxdur ki, bunun da 863 milyon manatı sərbəst vəsaitlərdir. Fevral ayında məcburi ehtiyat normalarının 2 faizdən 0,5 faizə endirilməsi bankların sərbəst ehtiyatlarını 400 milyon manatdan çox artırıb. Həmin vəsaitlər kreditə yönəldilə bilər”.ÿ
Iqtisadçı-ekspert Məhəmməd Talıblı söyləyir ki, 2006-cı ildə Mərkəzi Bankın pul bazasıÿ1,6 milyon manat idisə, sonradan bu rəqəm illər üzrə artmağa başladı. 2010-cu ilin ilk aylarında isə bu hədd 4, 559 mln. manat səviyyəsinə gəlib çatdı:
“Hazırda 2015-ci ilin il mart ayınına hesabatına görə isə bu rəqəm 8,339 mln. səviyyəsindədir. Pul bazasının artması hazırkı şəraitdə Mərkəzi Bankın maliyyə bazarına etdiyi intervensiyalar və onun müqabilində pul kütləsinə daha çox ehtiyac hiss etməsidir”.
Informasiya şöbəsi


