Ispaniya parlamenti erməniləri məyus etdi; Rusiya Duması isə «soyqırım»ı tanımağa hazırlaşır
Türkiyə Silahlı Qüvvələri 1915-ci ilə aid hərbi arxivləri açıb. “Anadolu” agentliyinin verdiyi məlumata görə, Türkiyə tərəfi ermənilərin öz arxivlərini açacağını gözləməyərək birtərəfli addım atmaq qərarına gəlib.
Açılan sənədlərdən görünür ki, I Dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilər ölkə daxilində köçürülərkən təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Sənədlərdə 1915-ci ildə Anadoluda dinc əhalini qətlə yetirən erməni quldur dəstələri və fərarilər haqqında çoxsaylı faktlar yer alıb.
Bu arada bəlli olub ki, erməni lobbisinin Ispaniya parlamentinə “soyqırım” cəhdləri boşa çıxıb. Belə ki, parlamentdə Katalon və Bask milliyyətçilərinin təmsil olunduğu kiçik qrup, “soyqırım” məsələsini gündəliyə salmaq istəsələr də, Türkiyənin Madriddəki səfirliyinin operativ reaksiyası və parlamentdə təmsil olunan ölkənin iki ən böyük siyasi partiyası, hakimiyyətdə olan Xalq Partiyası (PP) və ana müxalifəti təmsil edən Sosialist Işçi Partiyasının (PSOE) göstərdiyi həssaslıq erməniləri məyus edib.
Rusiya Dövlət Dumasının vitse-spikeri Nikolay Leviçov isə aprelin 24-də parlamentin “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edəcəyini deyib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, 1915-ci il hadislərinin “soyqırım” olduğunu deyən rusiyalı siyasətçi sabah keçiriləcək iclasda qətnamənin qəbul ediləcəyini bildirib:
“Dövlət Duması hələ 1996-cı ildə ”erməni soyqırımı"nı pisləyən qətnamə qəbul edib. Sabah da anoloji qətnamə qəbul ediləcək. Bir çox şəhərlərimizdə bu tarixlə bağlı aksiyalar keçiriləcək".


