Hökumət Bakının “Sovetski” ərazisində memarlıq abidələri sayılan yaşayış binalarının qorunacağını vəd etsə də, ancaq buna inanmaq çətindir. Fakt olaraq, Mirzağa Əliyev küçəsindəki 2 yaşayış binasının sökülməsinin nəzərdə tutulduğunu söyləyə bilərik. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, həmin binalardan biri görkəmli jurnalist, yazıçı və publisist Osman Mirzəyevin evi, digəri isə məşhur teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin vaxtilə yaşadığı binadır.
O.Mirzəyevin evində (102 saylı bina) ailə üzvləri yaşayır. Lakin binanın inventarlaşdırılmasından görünür ki, artıq bu tikilinin də sökülməsi plandadır. Binanın girişindəki qədim və yaraşıqlı qapının adi qapı ilə dəyişdirilməsi də ehtimalımızı artırır. Ancaq əraziyə baş çəkərkən binada kimsə olmadığı üçün bunu dəqiqləşdirə bilmədik.
Xatırladaq ki, sözügedən bina 1916-cı ildə tikilib. Nazirlər Kabinetinin müvafiq siyahısında yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınıb.
A.M.Şərifzadənin vaxtilə yaşadığı binadakı (115 saylı) mənzillər isə artıq boşaldılıb. Binaya giriş bağlıdır. Hələlik hasara alınmayıb. Məşhur aktyorun bu binada yaşadığı qeyd olunan xatirə lövhəsi də hələlik yerində durur. Bu tikili də yerli əhəmiyyətli memarlıq abidəsi kimi Nazirlər Kabinetinin siyahısındadır və bu siyahıya görə bina 1900-cü ildə tikilib.
“Sovetski” ərazisində görkəmli şəxslərin vaxtilə yaşadığı və hazırda sökülməsi nəzərdə tutulan tikililərdən biri də Zərgərpalan küçəsindəki 121 saylı evdir. Bu evdə görkəmli yazıçı və ictimai xadim Süleyman Sani Axundov yaşayıb. Bununla bağlı binanın üzərində xatirə lövhəsi də var. Ancaq bu bina memarlıq abidəsi deyil, sadə tikilidir. Artıq sökülməsi üçün inventarlaşdırılıb da.
S.S.Axundovun evinin qonşuluğunda isə Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, xalq artisti Əhməd Bakıxanov yaşayıb. 119 saylı bu binada indi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin xalq çalğı alətləri daimi sərgisi yerləşir. Ancaq bu sadə tikili də inventarlaşdırıldığı üçün onun da sökülməsinin nəzərdə tutulduğunu söyləyə bilərik.
Ötən ilin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat konfransında bildirmişdi ki, “Sovetski”də 118 tarixi abidə var. Nazirin sözlərinə görə, binalardan bəziləri tarixi və ya memarlıq əhəmiyyəti daşımır, sadəcə üzərlərində xüsusi memarlıq bəzəkləri olduğu üçün onlar da müvafiq siyahıya salınıb. Əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən bu binalardan təxminən 30-a yaxını sökülməyəcək.ÿ
Lakin Nazirlər Kabinetinin müvafiq siyahısına (2 avqust 2001-ci il tarixli qərarla təsdiq edilib) əsaslansaq, “Sovetski” ərazisində yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan 200-dən çox tikili var.
Yeri gəlmişkən, “Sovetski” ilə bağlı rəsmi məlumatlar, o cümlədən memarlıq abidələrinin dəqiq sayı barədə açıqlamalar ziddiyyətlidir. Əslində, gözümüz qarşısında Bakının tarixi ilə bağlı ciddi bir hadisə baş verir. Ictimai etirazlara baxmayaraq, köhnə Bakının tərkib hissəsi olan “Sovetski” xəritədən silinir. Lakin burada aparılan iş barədə ardıcıl və mərhələli şəkildə ictimaiyyətə məlumat verilmir.
Məsələn, konkret hansı binaların saxlanılacağı və onların yenidən planlaşdırılan əraziyə necə uyğunlaşdırılacağı, gələcək təyinatı və s. haqda heç bir bilgi yoxdur. Bunun üçün “Sovetski”də qərargah yaradılmalı və bütün proses barədə məlumatlar vahid və əlaqələndirici mənbədən verilməli idi.
Eləcə də “Sovetski” ərazisinin yenidən planlaşdırılması layihəsinin olub-olmadığı, bu layihədə ictimai rəyin nəzərə alınıb-alınmayacağı barədə də susqunluq hökm sürür. Yaxud, mədəniyyət və turizm nazirinin dediyi kimi, “əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən binalar” sökülərkən, heç olmasa üzərlərindəki qədim memarlıq bəzəkləri götürülərək muzeylərdə saxlanılacaqmı? Bakıda şəhər muzeyi fəaliyyət göstərsəydi, indi bu bəzəkləri, hətta ornamentli qapıları bir yerdə toplamaq olardı.
Bəlkə də şəhər təsərrüfatına məsul məmurlar qınanmalı deyil, onların mütləq əksəriyyəti Bakı mühitindən uzaq və əyalətçi olduqları üçün hadisənin ciddiliyini, mahiyyətini belə duya bilmirlər. Həm də onların diqqəti hər zaman Gül bayramı kimi məzmunsuz, ya da bu gün üçün aktual olmayan Avropa Oyunları kimi tədbirlərə – kampaniyalara yönəldilir. Eləcə də belə məmurların fəaliyyətində ictimai yox, şəxsi maraqlar güdülür.
Biz isə yenə də müşahidələrə əsaslanıb deyə bilərik ki, hazırda “Sovetski”də söküntü işləri dondurulub. Görünür, bu işə Avropa Oyunları da təsir edib. Lakin problemi neft və manat böhranı ilə əlaqələndirənlər zənn etməsinlər ki, haqqı tapdanan “Sovetski” camaatının ahı, qarğışı hakimiyyətdəkiləri tutub. Qətiyyən. Axı, 20 ildən artıqdır gözəl ölkəmizdə son dərəcə tərs bir rəhbərlik ağalıq edir. Onlar böhran nədir, dünya dağılsa belə inadlarından dönməzlər. Təki onları sevməyən vətəndaş cəmiyyəti qarşısında həmişə ötkəm və qalib görünsünlər?!
Şövkət Məmməd


