Oqtay Haqverdiyev: «Əhalinin rahatlığı üçün çoxsaylı mağazalar daha əlverişlidir»
Iri supermarketlərin sayının artması ənənəvi mağazaların, məhəllə marketlərinin bazardan çıxmasına səbəb olacaq."Marca"nın məlumatına görə bunu “Araz” supermarketlər şəbəkəsinin marketinq direktoru Alpaslan Öztaş bildirib. O bildirib ki, bir zamanlar Türkiyədə 200 minə yaxın kiçik ərzaq mağazası olsa da bu gün onların sayı 100 minə düşüb: “Bəzi pərakəndəçilərin böyüməsi və iri şəbəkələrin bazara daxil olması kiçik ticarətçilərə təsir etdi. Ticarət çətin bir işdir. Bəzən fərdi supermarketlərin qazandıqları, yerləşdikləri yerin icarəyə verilməsindən əldə edilən qazancdan daha az olur. Azərbaycanda da eyni proses gedir”.
Alpaslan Öztaş qeyd edib ki, bir müddətdən sonra Azərbaycanda pərakəndə ticarətin böyük bir hissəsi 3-4 markanın əlinə keçəcək. Belə ki, iri supermarketlərin bir çoxu rəqbətə tab gətirə bilməyib fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq və ya onların bəziləri birləşəcək: “Nəticədə 3-4 iri markanın olduğu vəziyyət yaranacaq. Əlbəttə, bunlar yerli supermarketlər brendi olmalıdır”.
Görəsən pərakəndə ticarətin biri neçə supermarketin əlində birləşməsi hansı nəticələr doğuracaq? Axı əhalinin əksər hissəsi məhz xırda və orta ticarət obyektlərində çalışmaqla sosial qayğılarını ödəyir. Belə olan şəraitdə ölkə vətəndaşlarının sosial-iqtisadi durumu necə olacaq, işsizliyin səviyyəsi artmayacaqmı?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyevin fikrincə, öncə əhalinin gündəlik tələbatını nəzərə almaq lazımdır. Ekspertə görə əhali üçün yaşadıqları ərazidə çoxsaylı xırda mağazaların olması vacibdir. Çünki gündəlik ehtiyacı olan məhsulları elə yaxınlıqdan əldə etmək vətəndaşlara daha uyğundur:
“Yaşadığı ərazidə mağazalırn çox olması insanlara rahatlıq yaradır. Yaddan çıxardığı bir ərzağı belə, vətəndaş anında yaxınlıqdan ala bilər. Bunun üçün mütləq iri marketlərə getmək vacib deyil. Həm də belə mağazalarda qiymətlər marketlərə nisbətən ucuz olur. Bu da əhalinin sosial statusuna uyğundur. Eləcə də böyük marketlərin gəliri onların gözlədiyindən çox azdır. Böyük marketi saxlamaq çətindir. Əhaliyə rahatlıq olması daha vacibdir. Bazar iqtisadiyyatı şəraitində harda istəsələr market aça bilərlər. Lakin xırda mağazaların çoxluğu, həmçinin ixtisaslaşdırılmış mağazaların olması çox önəmlidir”.
O.Haqverdiyev əlavə edir ki, əsasən, marketlər insanlara işləməli, onlara rahatlıq yaratmalıdir. Əhaliyə də indilikdə böyük marketlər deyil, çoxsaylı mağazalar daha vacibdir.
Nigar