Oyun qaydaları

Aprelin sonuna gəldik. Olimpiada günlərinə yaxınlaşırıq. Düzdür, böyük çoxluq kimi mənim də bu işlərlə bağlı bir həyəcanım-filan yox. Amma hökumətin hazırlıq işlərindəki hər gün artan təlaşını gördükcə, maraq istər-istəməz bizə də güc gəlir. Anlaşıldığına görə, uzun zamandır bu məqsədlə başlanan söküntü-tikinti işləri tamamlanmış sayılır. Şəhərin yarış üçün nəzərdə tutulmuş infrastruktur dəyişiklikləri də artıq yerli-yerində imiş. Təkcə bir faktı deyim ki, bu ərəfədə yalnız olimpiada şərəfinə xeyli xərcli başa gələn altı müvəqqəti idman obyekti yaradılıb – Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Triatlon və Velosiped yarışları üçün də nəzərdə tutulmuş Dağ Velosipedi Veloparkı. Beynəlxalq tədbirə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də öz töhfəsini hazırlayıb. Oyunlar müddətində paytaxtın bütün ictimai yerlərində azad Wi-Fi sistemi fəaliyyət göstərəcək ki, bura parklar, stadionlar və ticarət mərkəzləri də daxildir. Bir də, açılış və bağlanış mərasimlərinin təşkili üçün ABŞ-ın “FiveCurrents” şirkəti ilə müqavilə bağlanıb. Proqrama daxil olan işlərin siyahınısı uzatsaq, xeyli vaxt aparar. Xeyli xərc apardığı kimi… Təbii, bunlar böyük işlərdir, dünyanın dörd bir yanından uçub gəlib qonaq-qaranın qarşısına layiqincə çıxmaq gərək… 
Elə tədbirə 12 min könüllünün cəlb olunması planının əsasında da əcnəbi qonaqları məmnun yola salmaq məqsədi dayanır. Deyildiyinə görə, bu könüllülərin böyük çoxluğu tələbələrdən ibarət olacaq və onlara heç bir ödəniş edilməyəcək. Yəni təşkilatçı komitə bu məsələdə sırf “könül işinə görə qarşılıq istənməz” prinsipini əsas götürüb, israfçılıq etməyi lazım bilməyib. Demək ki, də onlara həvalə edilən bu işləri maraq və vətəndaşlıq borcu olaraq yerinə yetirəcəklər. Xülasə, bu oyunda ev sahibi Azərbaycan olduğuna görə, zor-xoş bütün ağır, əziyyətli işlər bizim çiynimizə düşəcək. Artıq əhaliyə ünvanlı olaraq hazırlanmış məlum “təlimat”dan da xəbəriniz var hər halda. Biləsiniz ki, oyunların davam etdiyi 16 gün ərzində həmin “təlimat”ı rəhbər tutmaq hər kəs üçün məcburidir. Bəzi qaydalar isə bir az da artıq vaxt aparacaq…
“Təlimat”a görə, olimpiya günlərində əhalinin toy və yas mərasimlərinə də xüsusi məhdudiyyətlər tətbiq olunacaq. Insanın ölüm günü ilə bağlı öncə planlaması məsələsində hər hansı ideyam olmadığına görə, evlilik planı quranlara hər hansı qanqaraçılıq yaşanmaması üçün tarixi bir az irəli çəkməyi tövsiyə edirəm. Təbii, yasaq və məhdudiyyətlər yalnız bununla da bitmir. Nəqliyyatın işinə, şəxsi taksilərin fəaliyyətinə, bəzi ərzaq məhsullarının satışına da xüsusi qaydalar tətbiq olunacaq. Bu arada, çox ehtimal ki, bir az şəhərdə rahatlığınız pozulacaq, azadlığınız məhdudlaşacaq, qazancınıza ziyan dəyəcək, amma dözümlü olun. Guya başqa zamanlarda azadlıqdan paytaxt səmalarında qanad çalırdınız, dolu cibinizlə bahalı restoranları gəzib-dolaşırdınız, yoxsa qazancınız başınızdan aşıb-daşırdı? Əsas odur ki, oyunları qaydasında yola verək, qonaqpərvərliyimizə xələl gəlməsin, əcnəbi müsafirlərin ruhu inciməsin. Zarafat deyil, söhbət 8 milyarda başa gələn bir oyundan gedir. Sizə də həmişəki kimi, oyun qaydalarına uymaq qalır. Bir də, kim bilir sizin milyardlar xərclənən evinizin içində qarnınızın ac, cibinizin boş, halınızın pərişan olduğunu. Bilirəm, ağlamalıdır, doğru. Yenə də, göz yaşlarınızı tutub gülümsəməyə çalışın. Adam evin hər sirrini kənara verməz ki…