Heç ikimərtəbəli şəhid evi gördünüzmü?

xaqaniquzeyli@gmail.com
 
“Vətənpərvərlik” əclafların son sığınacağıdır"
(Samuel Conson)
 
Bəlkə də sizə bir az qəribə gələcək, amma mən o fikirdəyəm ki, ölkədə Qarabağ problemindən də qəliz, həlli istiqamətində heç bir işıq ucu görünməyən məsələ vətənpərvərlikdir. Bəri başdan deyim ki, bu yazımda söhbət heç də gənc nəslin bu yöndə təlim-tərbiyəsindən getməyəcək. Mən məsələyə bir az fərqli şəkildə yanaşmağa çalışacam.
Əvvəla, iş elə gətirib ki, vətənpərvərliyin ölçü vahidi yoxdur. Sərhədi, dərəcəsi, iyi, qoxusu, bir sözlə, yapışmağa bir sınıq qulpu da yoxdur. Heç kimi qeyri-vətənpərvər olmaqda qınaya bilməzsən. Deyəcək ki, əksini sübut elə, səndə varsa, göstər görüm və s.
Sizə qəribə gəlməsin, mən şahidi olduğum məqamlardan danışıram. Bu ölkədə hamı özünü vətənpərvər hesab edir. Milli Məclisin saxta yolla seçilən deputatından tutmuş, hakimiyyətin yuxarı eşelonuna qədər hamı özünü patriot sayır. Məsələn, ölkəni çapıb-talayan məmurlar belə hasab edirlər ki, onların yerinə başqası olsaydı, daha çox “yeyərdi”, o isə bu qədər talayırsa, deməli, vətənpərvərdir. Obrazlı desək, ölkəmizdə patriotizm xəyali nisbilik  nəzəriyyəsinə söykənir.
Ən maraqlısı, bu insanlar ürəkdən inanırlar ki, onlar həqiqətən bu Vətəni sevirlər. Onların kitabında ev yıxmaq, sökmək, qiymətləri qaldırmaq, vətəndaşları ölkədən bezdirib çöllərə salmaq, rüşvət almaq kimi əməllər də vətənpərvərliyin əsas atributlarından hesab olunur.
Bütün bunlar cəhənnəmə, ən dəhşətlisi bilirsiniz nədir?
Deyim…
Istər məmurlar, istərsə də deputatlar tam şəkildə əmindilər ki, onlar ayrı-ayrılıqda yox, hamısı birlikdə vətənpərvərdilər. Bir örnək gətirim. Deputat Hadı Rəcəbli müəllimlərə işdən sonra daş daşımağı məsləhət görəndən sonra, Milli Məclisin az qala yarıdan çoxu onun müdafiəsinə qalxdı. Etibar Hüseynovdan bir sitat: “Milli Məclisdəki 125 nəfərin içərisində 5-10 ən çox işləyən, əziyyət çəkən varsa, onlardan da biri Hadı Rəcəblidir”.
Zənnimcə, şərhə ehtiyac yoxdur.
Təsəvvür edirsinizmi, Hadı Rəcəblidən fərqli olaraq, Milli Qəhrəman Mübariz Ibrahimov təkbaşına 60-dan çox erməni işğalçısını məhv etdi, lakin hələ də ölkədə onun bu ağlasığmaz şücaətinə ağız büzənlər var, deyirlər, gərək düşmən üzərinə bu cür getməyəydi… Icazə almalı idi? Kimdən? Məhz onu deməkdə çətinlik çəkirlər…
Bu eyni zamanda, çox müqəddəs bir məfhumdur. Daha aydın olsun deyə, məcburam bu ifadəni də işlədəm. Vətənpərvərlik olmayan yerdə, nə namusdan, nə də qeyrətdən söhbət gedə bilər. Insan öz əzizlərini sevdiyi kimi, Vətənini də sevməli, onun uğrunda “uf” demədən canından belə keçməyə hazır olmalıdır. Mübariz Ibrahimov və digər şəhidlərimiz kimi…
Keçmiş zamanlarda düşmən üzərinə rəiyyətin, kasıb təbəqənin getməsi həmin ölkəni idarə edənlər üçün qəbahət sayılırdı. Uzağa getməyək, elə özümüzdən misal çəkək. Yəqin ki, çoxlarınız “Dədə Qorqud” dastanını oxumusunuz, eləcə də eyniadlı filmə baxmısınız. Qazan xanın Qaraca çobanı niyə ağaca bağladığını yəqin ki, bilirsiniz. O, düşmənin üzərinə rəiyyətlə getməyi heç cür özünə sığışdırmırdı…
Dünyanın gəlmiş-keçmiş hökmdarları, sərkərdələri və dövlət başçılarının çoxunun bioqrafiyası bu cümlə ilə qurtarır: “Filan döyüşdə həlak olmuş, əsir düşmüş, öldürülmüşdür” və s.
Yəqin ki, şəhidlərimizin dəfn mərasimlərindən çəkilmiş şəkillərə, videosüjetlərə baxmısınız. Hətta mən deyərdim ki, çoxunuz həmin o ürəkağrıdan məqamları bu yazını oxumamışdan əvvəl müşahidə etmisiz. Kasıb, bəzən də yarımçıq bir daxma, yaşına nisbətən beli vaxtından əvvəl bükülmüş şəhid atası, sovet dövründən qalma “brezentdən” yas çadırı və nəhayət, Azərbaycan bayrağına bükülmüş tabut…
Bu həm də bütün yazım boyu tapmaq istədiyim sualıma cavabdır.
“Lazım gələrsə” deməyə imkanı olmayanların lazım gələndə etdikləri…