DİN-dən YAP-çının şikayətinə reaksiya

“Azadlıq” qəzetinin 22.04.2015-ci il tarixli sayında dərc olunmuş “YAP-çı müəllim polisdən şikayət edir” başlıqlı yazıya DIN-dən reaksiya verilib. Qeyd edək ki, Qobustan rayonunun Nabur kənd sakini Abduləli Abduləliyev redaksiyamıza müraciətində yazıb ki, yaxın qohumu Nadir Abduləliyevlə oğlu Cavid onu və övladlarını ölümlə hədələyir. Abduləli Abduləliyev sözlərinə görə, o bu barədə  yerli polis şöbəsinə müraciət edib. Bundan əlavə şöbənin təhqiqatçısı Kənan Məmmədova və müstəntiq Vüsal Zahidliyə dəfələrlə şifahi məlumat verib. Lakin bütün bunlara baxmayaraq işə xitam verilib.
DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Azadlıq”a bildirib ki, Abduləli Abduləliyevin iddiaları həqiqətdən uzaqdır: “Nəzərinizə çatdırmaq istərdim ki, son 2-3 ildə Nadir Abduləliyev, oğlu Cavid, sonuncuların və məktub müəllifinin digər yaxın qohumları barədə ayrı-ayrı rayon sakinlərindən Qobustan Rayon Polis Şöbəsinə dəfələrlə şikayət xarakterli müraciətlər daxil olub. Onların hər biri şöbədə ciddi şəkildə araşdırılıb və qanuunvericiliyə uyğun qərarlar qəbul edilməklə cavabdehlər də bu barədə ətraflı məlumatlandırılıb.  
Abduləliyevin qardaşı oğlu tərəfindən təhdid olunması məsələsinə gəldikdə qeyd olunmalıdır ki, Nadir Abduləliyev bir il öncə rayonu tərk edib və bir daha geri qayıtmayıb. O, cari il martın 9-da Xırdalan şəhərində sərxoş halda lüləsi kəsik ov tüfəngindən iki dəfə atəş açaraq bacısı Aybəniz Lətifovanı yaralayıb. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, Nadir Abduləliyev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq gedir.
O ki qaldı təhqiqatçı Kənan Məmmədovun guya Abduləli Abduləliyevə fiziki güc tətbiq etməsi barədə iddialara, o zaman qeyd olunmalıdır ki, sonuncunun bu haqda DIN-in “102 Xidməti”nə etdiyi müraciət rayon prokurorluğunda araşdırılıb və təsdiqini tapmayıb".