Azərbaycanda ödəniş kartlarının dövriyyəsi artıb

Ölkə üzrə kredit kartları ilə 211 milyon manatlıq əməliyyat reallaşdırılıb

Məhəmməd Talıblı: «Kredit kartlarının ildən-ilə sayının çoxalması vətəndaşların banklardan asılılığının artması deməkdir»
 
Azərbaycanda ödəniş kartlarının sayı 2015-ci ilin fevral ayında 6,01 milyon ədəd olub. Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Ümumi rəqəmdən 4,72 milyon ödəniş kartı debet xarakterlidir (2,45 milyon – sosial kartı, 1,44 milyon – maaş kartı, 834 min – digər xarakterli kartlar).
Kredit kartlarının sayı isə 1,32 milyon ədəd olub. Hesabata görə, bankomat və POS-terminallar vasitəsilə ödəniş kartlarının dövriyyəsi 2015-ci ilin fevral ayında 1,08 milyard manat təşkil edib. Bu göstərici 2014-cü ilin analoji dövrü ilə müqayisədə 14,45 faiz çoxdur. Əməliyyatların ümumi sayı isə bu ilin fevralında 6,84 milyon olub ki, bu da ötən ilin fevralı ilə müqayisədə 10,18 faiz artıqdır.
Fevral ayında ölkədə debet kartlarla 867 milyon manat dəyərində 5,31 milyon əməliyyat gerçəkləşdirilib. Ölkə daxilində debet kartlardan bankomat vasitəsilə 760 milyon manat dəyərində 4,14 milyon əməliyyat, POS-terminallar vasitəsilə isə 72 milyon manat dəyərində 294 min əməliyyat həyata keçirilib.
2015-ci ildə Kredit kartları üzrə 211 milyon manat dəyərində 1,52 milyon əməliyyat reallaşdırılıb (“Trend”).
Statistik rəqəmlərlə bağlı diqqət çəkən məqam kredit kartlarının sayı və onlarla bağlı aparılan əməliyyatların həcmi ilə bağlıdır. Məlumata görə, ölkə üzrə kredit kartlarının sayı 1,32 milyon ədəd olub. Kredit kartları üzrə isə 211 milyon manat dəyərində 1,52 milyon əməliyyat reallaşdırılıb.
Əslində plastik kartların sayının artmasını hökumətin ölkədə inkişaf, sosial rifahın yaxşılaşması kimi təqdim etməsi yanlış yanaşmadır.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, kartların sayının artması hər bir vətəndaşın öz gəlirini daha asan formada əldə etməsi anlamına gəlmir. M.Talıblının sözlərinə görə, plastik kartların sayının və onlarla həyata keçirilən əməliyyatların artması bank xidmətlərinin miqyasının genişlənməsi ilə bağlıdır: “Banklar müxtəlif yollarla və müxtəlif formalarla kerditlər verirlər. Onlardan biri də məhz plastik kartlar vasitəsilə verilən kreditlərdir. Əgər banklar müştərilərə kreditləri əvvəllər nağd formada verirdilərsə, bir müddətdir ki, bunu plastik kartlar vasitəsilə də etmək olur. Plastik kartlarla istehlak mallarını, sənaye məhsullarını almaq imkanı yaranıb. Ona görə də Azərbaycanda plastik kartların artması bank xidmətlərinin genişlənməsi fonunda baş verib. Yəni bu əmək qabiliyyəti olan 4.5 milyon nəfərin hamısının işlə təmin olunması anlamına gəlmir. Bu, vətəndaşların banklardan asılılığının artması deməkdir. Nəticədə vətəndaşın kreditlərin müxtəlif formalarından yararlanmaq imkanı yaranır. Hətta ərzaq, tekstil mallarının alınmasına qədər kredit kartları verilir. Vətəndaşlar da vahid ticarət şəbəkəsində həmin kartlardan istifadə edir”.
M.Talıblı bildirdi ki, ona görə plastik kartların sayının hər ötən il artması vətəndaşların banklardan asılılığının artması fonunda baş verir.
Xəyal