“Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2015-ci ilin birinci rübünü 1 milyon 960 min 181 manat zərər ilə başa vurub. Bu bankın tarixində ən böyük rüblük zərərdir. “Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ASB Bank ilk rübdə 3 milyon 831 min 933 manat gəlir əldə edib. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 4 dəfəyə yaxın azdır. Belə ki, Bank ötən ilin yanvar-mart ayları ərzində 402 min 552 manat mənfəət, 15 milyon 28 min 690 manat gəlir əldə etmişdi.
ASB-nin yekunda zərər etməsinin səbəbi məzənnə dəyişməsi (devalvasiya) nəticəsində 2 milyon 958 min manat zərər etməsidir.
Birinci rübdə Bankın faiz gəlirləri 5 milyon 908 min manat, qeyri-faiz zərəri isə 2 milyon 76 min manat təşkil edib.
Bank gəlirinin 2 milyon 118 min manatını xüsusi ehtiyatların yaradılmasına ayırıb.
31 Mart 2015-ci tarixinə “Azərbaycan Sənaye Bankı”nın aktivləri 544 milyon 607 min 620 manat təşkil edib. Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 124 milyon manat 994 min manat və ya təxminən 30% artıb.
Hesabat dövründə Bankın kredit portfeli 9% artaraq 176 milyon 811 min 294 manata, depozit portfeli isə 51% artaraq 329 milyon 162 min 857 manata çatıb.
Bankın 176 milyon 811 min 294 manat kreditlərinin 6 milyon 632 min manatının və ya 3,75%-nin ödəmə vaxtı keçmişdir. Bank 395,89 min manat adi, 6 milyon 76 min manat məqsədli ehtiyata malik olmuşdur. Ehtiyatların kredit portfelinə nisbəti 3,66% təşkil edib.
Qeyd edək ki, ASB-nin maliyyə göstəricilərinin artmasına manatın devalvasiyası da təsir göstərib. Xarici valyutada olan, gəlirlər, aktivlər və öhdliklər yeni məzənnə ilə manatda qiymətləndirildikdə artım yaranır.
Birinci rübdə “Azərbaycan Sənaye Bankı”nın məcmu kapitalı 67 milyon 373 min 89 manatdan 65 milyon 439 min 353 manata düşüb.


