ABŞ hakimiyyəti pərt vəziyyətə saldı

Son günlər Azərbaycanın rəsmi mediasında Amerika prezidenti, dövlət katibi, bu ölkədə insan hüquqları və korrupsiya ilə bağlı kəskin ittihamedici məqalələr dərc edilir. Bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi “Amerikanın Səsi”nin sualına cavab verib.
“Amerika Birləşmiş Ştatları dünyanın müxtəlif ölkələrində cərəyan edən olayları yaxından izləyir və müntəzəm olaraq narahatlıq doğuran məsələlər barədə məlumatı həm özəl görüşlər vaxtı, həm də ictimayyətlə açiq şəkildə paylaşır. Biz dialoqu, fikir mübadiləsini və əsaslandırılmış tənqidi alqışlayırıq. Həmçinin, biz digər xarici hökumətlərin Birləşmiş Ştatlarda baş verən hadisələri izləmək və ya şərh etmək fəaliyyətini ABŞ-ın daxili işlərinə müdaxilə kimi qiymətləndirmirik”, – deyə səfirlik cavabda bildirir. 
Əslində ABŞ səfirliyi bu cavabla hakimiyyəti növbəti dəfə pərt vəziyyətə saldı. Bu onun göstəricisidir ki, ABŞ YAP hakimiyətindən fərqli olaraq hisslərlə deyil, ağılla siyasət yürüdür. Bu açıqlamada həm də o mesaj verilir ki, demokratiya, insan haqları heç bir ölkənin daxili işi deyil və istənilən şəxs buna etiraz edə bilər.  
Yəni səfirlik “bizdə korrupsiya yoxdur”, “Azərbyacan hakimiyyəti bizə böhtan atır”, “korrupsioner özünsən” kimi  cılız arqumentlərlə silahlanmayıb. Əksinə, Azərbaycan hakimiyyətinə siyasi etika nümayiş etdirib, reallıqları etiraf etmək böyüklüyü göstərməyə çağırırlar. 
Azərbaycan tərəfinin adi tənqidə reaksiyasının hamımız şahidiyik. Millət vəkilləri, PA rəsmiləri, rəsmi qəzetlər, demək olar, ağlagəlməz bütün ittihamalrdan istifadə edərək, tənqidlərdən yayınmaq istəyirlər. Hansıki, səslənən bütün tənqidlər haqlıdır və bundan nəticə çıxarmaq lazımdır.
Hakimiyyətin bu qədər aqressiv münasibətinə, ABŞ səfirliyinin təmkinli cavabı çox mətləblərə aydınlıq gətirdi. Bu cavabla ABŞ səfirliyi heç bir tənqiddən narahat olmadığını və dövlətin immunitetinin güclü olduğu təəssüratını yaratdı. Çünki, ABŞ səfirliyi təmsil etdiyi ölkədən arxayındır və bütün ittihamlara cavabı var. Əgər Azərbaycanla bağlı səslənən fikirlər də əsassızdırsa,  hakimiyyət təmkinli olmalıydı. Yəni “soğan yeməmisənsə, için niyə göynəyir” misalı Azərbaycan hakimiyyətinə şamil olunur.  Əgər haqlısansa, bu qədər hikkə nəyə lazımdır? Ortaya sübut qoymaq lazımdır.
Bir sözlə, ABŞ səfirliyinin reaksiyası hakimiyyətin sonuncu arqumentini də əritdi.