YAP-çı müəllim polisdən şikayət edir

75 yaşlı şəxs məsuliyyətsizliyin ağır nəticəsindən bəhs edir

Prezident Ilham Əliyev, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və digər güc strukturlarına müraciət edən Qobustan rayonu, Nabur kənd sakini Abduləli Abduləliyev “Azadlıq”a məktub göndərib:
“Xatırlatmaq istəyirəm ki, bu ilin mart ayında Xırdalanın mərkəzindəki bankın qarşısında ictimai təhlükəli olan silahlı insident baş verib. Qohumum ruhi xəstə Nadir Abduləliyev öldürmək məqsədilə bacısı Aybəniz Lətifovaya iki dəfə atəş açıb.  Atəş hədəfə dəyməklə bankın yaxınlığındakı  avtomobilə də xeyli ziyan vurub. Nadir və onun dəfələrlə məhkumluq həyatı yaşayan oğlu Cavid məni və övladlarımı tüfənglə öldürəcəyini deyərək bir neçə dəfə hədələyib. Hətta Cavid həyat yoldaşımı tüfənglə qovub. Bu barədə Qobustan rayon polis şöbəsinin əməkdaşı, həmçinin Nadirin atasına yaxınlığıyla seçilən, onların uzaq qohumu mayor Kənan Məmmədov və Vüsal Zahidliyə dəfələrlə şifahi məlumat  vermişəm. Müxtəlif vaxtlarda bu barədə rayon polis şöbəsinə rəsmi müraciət etmişəm. Tədqiqat işiylə məşğul olan Kənan Məmmədovla Vüsal Zahidli bu işə xitam verib. Xüsusilə qeyd edim ki, baş verəcəyi real görünən silahlı insidenti önləmək üçün cinayətkardan silahı götürmək əvəzinə, Nadirə və Cavidə böhtan atdığımı dilə gətirən Kənan Məmmədov mənim qoca yaşıma, müəllimlik peşəmə və YAP üzvlüyümə hörmət etməyərək mənə fiziki güc tətbiq edib. Müvazinətimi itirib yıxılmamaq üçün bütün  gücümlə iki əlli əsadan yapışan bir qoca üçün bunun nə demək olduğunu izah etməyə ehtiyac varmı?
Məlumat verilən vaxt bu barədə müvafiq ölçü götürülsəydi şəhərin mərkəzində belə silahlı insident baş verməzdi. Kənan Məmmədov və Vüsal Zahidlinin bu cür yanaşması baş verən ictimai təhlükəli cinayəti daha ağır formada təzahür etdirə bilərdi. Nadir və oğlu Cavidə qarşı cinayət işinin başlanması tələbiylə polis şöbəsinə edilən şikayətlərə bu şəxslər tərəfindən cinayət işinin başlanması ya rədd edilmiş, ya da ki, başqa müstəntiqlər tərəfindən başlamış cinayət işinə xitam verilməsi barədə qərar çıxarılıb. Nadirin bu əməllərində adıçəkilən polis əməkdaşlarının nə dərəcədə günahının, məsuliyyətinin olduğunu araşdıraraq onlar barədə qanuna müvafiq şəkildə ölçü götürülməsini xahiş edirəm".
Sosial şöbə