Məlahət Babayevanın şikayətinə Azər Tağıyevin müavini cavab verdi
«Qeyd edilən məlumatlara hüquqi qiymət verilməsi Rəyasət Heyətinin səlahiyyətinə aid deyil»
Tanınmış vəkil, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, qondarma ittihamlarla həbsə atılan Intiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsində martın 10-da keçirilən prosesində insident olmuşdu.
“Zərərçəkən” Gülşən Orucova heç bir səbəb olmadan zaldakı jurnalistləri təhqir edib onları “üzdəniraq”, “pula satılmış”, “ermənilərə işləyənlər” adlandırmışdı. Bundan sonra onun nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Nemət Heydərov zaldakılara müraciətlə “burda kişi yoxdur”, “anasını, bacısını tanımayanlar” və burda yazılması mümkün olmayan başqa söyüşlər söymüşdü.
Prosesdə iştirak edən ictimaiyyət nümayəndəsi, ziyalı xanım Məlahət Babayeva bütün baş verənlərlə bağlı Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə müraciət ünvanlayıb, baş verənlərlə bağlı tədbir görülməsini həmin şəxslərdən xahiş etmişdi.
Bugünlərdə Məlahət xanıma Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədr müavini A.Axundovdan cavab gəlib. Aprelin 9-da imzalanan məktubda sədr müavini yazır: “Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Nemət Heydərovun barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılıb.
N.Heydərov ərizənizdə göstərilənlərin həqiqətə uyğun olmadığını, peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərini pozmadığını və heç bir şəxsi təhqir etmədiyini bildirir.
Belə vəziyyətdə, məsələ prosessual xarakter daşıdığından, müraciətinizdə qeyd edilən məlumatlara hüquqi qiymət verilməsi Rəyasət Heyətinin səlahiyyətinə aid deyil".


