***
Adın anlamı
Kürü diplomatiyası, Bakı-Ceyhan, Mövlud Çavuşoğlu, Şahzadə Endryu, “demokratiyaya doğru bir addım”…
Uzun sözün qısası, keçirildiyi ölkə Azərbaycandırsa, bir olimpiadanın adı ancaq bu qədər dəqiq yerinə düşə bilərdi:
Avropa Oyunları.
***
Məntiqi sonluq
Xəbər: “AMEA M.Füzuli adına Əlyazmalar Institunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov saytların birinə açıqlama verərək, çoxarvadlılığın faydalarından danışıb. O, fikrini Quran ayəsi və dini rəvayətlərlə möhkəmləndirməyə çalışıb” (21 aprel, 2015, arqument.az).
Təəccüblü deyil. Çağdaş, modern, mədəni dünya ölkəsi olmağın ən vacib şərti sayılan çoxpartiyalılığın faktiki ləğv edildiyi ölkədə 1300 il öncəki dünyagörüşə – çoxarvadlılığa qayıdış məntiqi sonluqdur.
***
Ağrı
Nostalji deyil bu, ağrıdı.
Bir zamanlar poçtalyonlar vardı.
Həyat onların çiyinlərindən asılan məktub dolu çantalarla, qucaqlarındakı qəzet-jurnal topaları ilə bir az da canlı, bir az da rəngarəng idi.
***
Minimalizm
Əlinizdən heç nə gəlməsə, bu Şər rejiminə qarşı nəyi bacarmasanız da barı elə övladlar böyüdün, onlar böyüyüb üzə durmasınlar, işverənlik eləməsinlər, yalan danışmasınlar, yaltaqlanmasınlar, seçki qutusuna topa-topa bülleten doldurmasınlar.
Indi bunun özü də böyük işdir…
***
Yaltağın yayı
Yaltaq fikirləşirdi:
– Ehh… yay gəlsəydi, bir az da dənizə girərdim…
***
Məhkəmə-məzhəkə
“Müttəhim” Intiqam Əliyev: “Biz istədiyimiz sənədlər burada yoxdur. Burada olanlar isə yalan-palandır”.
“Hakim” Rasim Sadıqov: “Yalan da olsa, palan da olsa, cinayət işidir”.
Və təqvim bu ölkədə hələ də utanıb-qızarmadan 2015-ci ili göstərir.
***
Həsəd
Dostlar facebook-da maraqlı bir foto paylaşıblar, fotoya yazılan izahdan belə məlum olur ki, Gülüstan sarayından Bayıla düşən yerdə ənənəvi mərmər səki döşyiblər, guya, piyadalar üçün səki düzəldiblər, eni 50 sm. ancaq olar, amma hələ 20 metrdən bir işıq dirəyi də quraşdıracaqlar. Yəni səki ilə 1 nəfər zorla gedəcək, o da 20 metrdən bir yola düşüb, dirəyi keçməli olacaq.
Bir sözlə, növbəti analoqsuzluq.
Adam bəzən həsəd aparır, fikirləşirsən ki, nə xoşbəxtdirlər, ağıldan başqa hər şeyləri var.
***
Aktual sovet lətifəsi
– Doğrudan, sovet islah-əmək koloniyalarında gözəl şərait var?
– Bəli, biri şübhə edirdi. Tezliklə öz gözü ilə görmək imkanı əldə etdi. Ora xoşuna gəldi, ona görə hələ də qayıtmayıb!
***
İnəklərin xoşbəxtliyi
Hansı zamanda və məkanda hansı zamanı və məkanı nəzərdə tutaraq yazılmasından asılı olmayaraq, XX yüzilin ən böyük romançılarından biri Erix Mariya Remark “Indi yalnız inəklər xoşbəxtdir” deyərkən nə qədər də haqlıdır!
***
Azərbaycan haqqında
Sakini yox, qonağı olsan, əslində çox maraqlı ölkədir…