Bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyilə Filippin vətəndaşı, Azərbaycanda insan alverinin qurbanı olmuş Llanto Fe Diaza qarşı bu cinayətdə, eləcə də əməyin istismarında təqsirli bilinərək bir il sınaq müddəti olmaqla 8 il 6 ay həbs cəzasına şərti məhkum edilmiş Aynur Mehdiyevaya qarşı kassasiya şikayətinə baxılacaq.
Ölkədən öz iradəsinə zidd olaraq deportasiya edilən və buna görə də məhkəmədə şəxsən iştirak edə bilməyən zərərçəkəni prosesdə vəkil Elçin Sadıqov təmsil edəcək. Ilk baxışdan da göründüyü kimi, hökmü çıxaran hakimlər insan alveri cinayətini törətdiyi təsdiqlənmiş şəxsi real cəzadan yayındırıblar.
Qeyd edək ki, bu “cəza” əslində, Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi tərəfindən həyata keçirilən istintaqın, Baş Prokurorluğun təsdiqlədiyi ittihamın və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Iradə Həsənzadənin sədrliyilə çıxarılan hökmün ədalət mühakiməsindən çox uzaq olduğunu ortaya qoydu. Ən azı ona görə ki, insan alveri cinayətində təqsirləndirilən şəxslər adətən ibtidai istintaq və məhkəmə dövründə adətən həbsdə olurlar. Amma bu, Aynur Mehdiyevaya şamil olunmadı. Yaxud, bu cinayəti törətməkdə təqsirli bilinənlər 9-10 il azadlıqdan məhrum edilir, amma Mehdiyeva şərti cəza ilə həbsdən kənarda saxlanıldı.
Bundan başqa, zərərçəkənə yaşadığı ağır mənəvi iztirablar, fiziki işgəncələr və maddi itkilər qarşılığında heç bir maddi təzminat ödənmədən, onun kompensasiya tələbi tam şəkildə rədd edilməklə, məhkum Aynur Mehdiyeva barəsində belə hökmün çıxarılması istər-istəməz xeyli şübhələrə əsas verir. Məhz ona görə də Llanto Fe Diaz ədaləti Avropa Məhkəməsində aramaqda israrlıdır.
Xatırladaq ki, Aynur Mehdiyeva Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəylinin üzünə duraraq, ona qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə məhkəmə hökmü çıxarılmasında vasitəçi oldu. Hakimiyyətin Gültəkin Hacıbəyliyə qarşı çirkin kampaniya apardığı bir ərəfədə onun xüsusi ittihamla ortaya çıxması sözsüz ki, özü-özlüyündə müəyyən mətləblərdən xəbər verirdi. Məhz bu səbəbdən hələ əvvəldən məlum idi ki, Aynur Mehdiyeva həbslə cəzalandırılmayacaq. Gözlənildiyi kimi də oldu.
Yeri gəlmişkən, Aynur Mehdiyeva iddia edirdi ki, guya, Gültəkin Hacıbəyli onun insan alverinə görə saxlanıldığını deməklə şərəf və ləyaqətini ləkələyib. Halbuki, onun insan alveri cinayətini törətdiyini sübut edən qanuni qüvvəyə minmiş məhkəmə hökmü var! Buna baxmayaraq, məhkəmə onun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Gültəkin Hacıbəyliyə qarşı hökm çıxardı.
Yeri gəlmişkən, Llanto Fe Diaz mediaya müsahibələrində onun ölkədən qanunsuz deportasiyasının da bilavasitə Aynur Mehdiyevanın sifarişi əsasında həyata keçirildiyini bildirib.
Onu da qeyd edək ki, Gültəkin xanıma qarşı xüsusi ittihamçı qismində məhkəmədə iştirak edən Aynur Mehdiyevanın qardaşı Mahmud Mehdiyevin də bu “xidməti” nəticəsiz qalmadı. O, sözügedən iddianı qaldırandan, keçmiş həyat yoldaşı olan Gültəkin Hacıbəyliyə qarşı mətbuat konfransı keçirib, onun əleyhinə çirkin fikirlər səsləndirəndən sonra 2010-cu ildə “fərarilik və prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlər” ittihamı ilə qovulduğu prokurorluğa vəzifə təyinatı aldı.
onu da əlavə edək ki, Gültəkin Hacıbəylinin Mahmud Mehdiyevə qarşı xuliqanlıq şikayəti artıq bir ildir ki, Bakı şəhər prokurorluğunda araşdırılmır.
Məhkəmələr eyni zamanda, Mahmud Mehdiyevi 2013-cü ildə keçirdiyi mətbuat konfransında Gültəkin Hacıbəyliyə qarşı səsləndirdiyi ağır böhtan və təhqirlərə görə cəzalandırmır. Mehdiyev özü isə KIV-lərin arxivlərində saxlanılan və internet mənbələrində hamıya əlçatan olan bu faktla bağlı məhkəmələrdə “mətbuat konfransındakı mən deyildim, sübut edin ki, mən idim, o sözləri jurnalistlər özləri uydurub yazıb, mən heç elə danışmıram” deyir.
Azad


