Obamadan İrana «C 300» xəbərdarlığı

«Nəzərə alsınlar ki, ABŞ-ın hərbi büdcəsi 600, İranınkı 17 milyarddır»
 

Vəfa Quluzadə: «Rusiya və İsrail ABŞ-la İran arasında yaranan həssas razılaşmanı pozmaq istəyir»
 
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Iran Rusiyadan aldığı “C 300" zenit-raket kompleksi ilə nüvə obyektlərini hücumdan qoruya bilməyəcək. Obama Iranın diqqətinə çatdırıb ki, Birləşmiş Ştatların hərbi büdcəsi 600 milyarddan bir qədər az, Iranınkı isə 17 milyarddan bir qədər çoxdur: ”Iran bu perspektivi nəzərə almalıdır. Əgər Iran havadan müdafiə sisteminə sahib olsa, biz bu maneəni dəf edə biləcəyik". Obama regiondakı problemləri daha böyük savaşın köməyi ilə həll etmək niyyətində olmadıqlarını da bildirib.
Qeyd edək ki, ötən həftə Rusiya Müdafiə Nazirliyi “C 300" kompleksinin Irana ilin sonuna qədər göndəriləcəyini bildirib.
Ümumiyyətlə, Qərblə Iran arasında danışıqlar prosesi uğurla yekunlaşandan sonra növbəti mərhələ başlamamış qarşılıqlı ittihamlar bir-birini əvəz etməyə başladı. Bu isə əldə olunan həssas sülhə təhlükə yaradır. Çünki əldə olunan nüvə razılaşmasından sonra səslənən qarşılıqlı ittihamlar heç də birmənalı qarşılanmır.
Bir sıra ekspertlərin fikrincə, Iranla ABŞ-ın münasibətlərinin normallaşmasını istəməyən dövlətlər hazırda Vaşinqtonla Tehran arasında gərginliyin yenidən gündəmə gəlməsinə çalışırlar. Bu dövlətlər sırasında isə ilk olaraq Rusiya və Israilin adı çəkilir.
 
Politoloq Vəfa Quluzadə də bildirdi ki, ABŞ-Iran yaxınlaşmasını çox qüvvələr istəmir. V.Quluzadənin sözlərinə görə, bu yaxınlaşmanı ilk növbədə Rusiya istəmir. Çünki ABŞ Iranla yaxınlaşarsa, Yaxın Şərqdə Amerikanın çox güclü bir dayağı olacaq: “Digər tərəfdən, Iran nefti dünya bazarına çıxarsa, Rusiya neftinə maraq azalacaq. Iranla ABŞ-ın yaxınlaşmasını istəməyən daha bir dövlət Israildir. Təl-Əviv hələ də düşünür ki, Iran Israili məhv etmək barəsində düşünür. Ona görə Israil istəmir ki, Iran sanksiyaların altından çıxaraq, daha da güclənsin və qüvvətlənsin. Bu yol sonda Iranın Yaxın Şərqdə Israilin yerini tutması ilə nəticələnə bilər”.
V.Quluzadə bildirdi ki, başqa bir müsəlman ölkəsi Türkiyə də regionda Israilə ciddi rəqibdir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Obamanın bu cür sərt bəyanatları təsadüfi olmayada bilər. Çünki ABŞ Konqressində güclü Israil lobbisi var. Bütün bu təsir faktorları nəzərə alınmalıdır. “Iranın Rusiyadan ”C-300" raketlərini alması Israili narahat edir. Çünki Israil istəyir ki, Iran həmişə müdafiəsiz olsun və Israilin hava hücumlarından narahat olsun. Bu da durumu bir qədər də qəlizləşdirir. Obama Amerikanın strateji maraqları ilə məşğuldur. Amma başqa dövlətlərin hərəsinin öz marağı var".
Iranda xalqın ABŞ ilə yaxınlaşmanı dəstəklədiyini deyən V.Quluzadə qeyd etdi ki, xalq küçələrə çıxıb hətta bu olayı şadlıq belə etdi. “Iranda hətta xalq arasında belə bir ifadə yaranıb. Həmin ifadə Obamanın fars dilində səslənməsidir Obamanın adı Obema oxunur ki, bu, tərcümədə ”o, bizimlədir" deməkdir", deyə V.Quluzadə vurğuladı.
Xəyal