Samir Şərifov Beynəlxalq Bankın özəlləşdiriləcəyinin anonsunu verdi
Məhəmməd Talıblı: "Bu böyük həcmdə investisiya layihələrini həyata keçirməyə büdcənin imkanları çatmadığı üçün növbəti ilə keçirilir"
Maliyyə naziri Samir Şərifovun ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər maraq doğurur. S.Şərifov bildirib ki, hökumət 2015-ci il dövlət büdcəsinin proqnozlarına dəyişikliklər edilməsi üçün hələ səbəb görmür. Onun sözlərinə görə, qanunvericilikdə müəyyən meyarlar var ki, onlardan sonra dəyişikliklər edilməsi lazımdır.
Amma hökumət xərclərin azaldılması yolu kimi iri investisiya layihələrini gələn ilə təxirə salmaqla vəziyyətdən çıxmağı düşünür: “Biz büdcədən daha səmərəli istifadə etmək istəyirik. Bununla belə, investisiya layihələrinin reallaşdırılmasını ləngitməyi planlaşdırırıq, yəni həmin layihələrdən bəzilərini gələn ilə keçirməyi nəzərdə tuturuq”.
Maraqlıdır ki, beynəlxalq ekspertlər neftin qiymətinin hələ bir neçə il hazırkı səviyyədə qalacağını dediyi halda Azərbaycan hökumətinin təmsilçiləri optimist ruhda kökləniblər. Iri xərclərin gələn ilə təxirə salınması hələ o demək deyil ki, onların reallaşması üçün kifayət qədər vəsait olacaq.
S.Şərifovdan daha bir maraqlı açıqlama Beynəlxalq Bankın aqibəti ilə bağlı olub. O bildirib ki, ABB Idarə heyətinin yeni sədri 2015-ci ilin iyulunda səhmdarların ümumi yığıncağında seçiləcək.ÿS.Şərifovun sözlərinə əsasən, bankın Idarə heyətinin üzvlərinin səlahiyyət müddəti bu ilin iyulunda başa çatır: “Həmin vaxt səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Idarə heyətinin yeni sədri seçiləcək”.
ABB-nin özəlləşdirilməsi məsələsinə gəlincə, nazir qeyd edib ki, bu məsələ heç vaxt gündəmdən düşməyib.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, S.Şərifovun açıqlaması onu göstərir ki, sanki dövlət vəsaitlərinin investisiya layihələrinə xərclənməsi hökumətin əsas strateji xəttinə çevrilib. Hökumət anlamalıdır ki, Neft Fondundan büdcəyə vəsaitlər daxil olmasa, bu investisiya layihələrini həyata keçirmək onun gücü xaricində olacaq. Qeyri-neft sektorundan daxilolmaların həcmi isə ən yaxşı halda Azərbaycanın investisiya xərcləri qədərdir. Nəzəri baxımdan onu qəbul etsək ki, Neft Fondundan büdcəyə 10-12 milyardlıq vəsait daxil olmur. Bu o deməkdir ki, Azərbaycanın büdcə xərcləri 10 milyard civarındadır. Nəzərə alınanda ki, Azərbaycan 7-8 milyardlıq investisiya layihələri həyata keçirir. O zaman biz yalnız 2-3 milyardla qeyri-investisiya layihələrini maliyyələşdirməliyik. Bura cari, sosial yönümlü, hərbi xərclər daxildir. Hərbi xərclərin də artıq 5 milyard civarında olduğu nəzərə alınarsa, o zaman söyləmək olar ki, Azərbaycanın investisiya layihələri həyata keçirmək üçün mövcud imkanları yetərli deyil. Sadəcə olaraq Samir Şərifov o biabırçılığı da gizlətməyə çalışır ki, Azərbaycan Avropa Oyunlarına 8 milyard xərcləyibsə, 7-8 milyard da investisiya xərclərinə vəsait ayırması praktik olaraq mümkün deyil. Bu artıq 15 milyardlıq investisiya portfeli deməkdir. Ona görə bu il normadan artıq investisiya layihələri həyata keçirildiyi üçün iri investisiya layihələri növbəti ilə ertələnir".
M.Talıblı onu da bildirdi ki, investisiya layihələri bu sürətlə davam edərsə, müəyyən müddətdən sonra ölkənin iri bir tikinti meydançasına çevrildiyinin şahidi olacağıq. Amma bu fonda əhalinin sosial rifahı aşağı olacaq. Bir müddət sonra isə investisiya layihələri cari və əsaslı təmirə ehtiyac duyacaq ki, bu da həmin layihələrin daha da şişməsi demək olacaq.
M.Talıblı hesab edir ki, hökumət investisiya yönümlü deyil, sosial yönümlü xərclərin artırılması barədə düşünməlidir.
Beynəlxalq Bankın özəlləşdirilməyə çıxarıla biləcəyi ilə bağlı S.Şərifovun dediklərinə gəlincə, C.Hacıyevin bankdan uzaqlaşdırılması bu məsələni gündəmə gətirdi. M.Talıblının sözlərinə görə, BB-dən sonra digər iri dövlət müəssisələrinin də özələşdirilməsinə start verilə bilər.
Hikmət


