8-ci kilometr ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzinə hələ də elektrik enerjisi verilməyib. Qeyd edək ki, ötən həftənin cümə günündən adıçəkilən ticarət mərkəzinin və onun yaxınlığındakı “Xalqlar Dostluğu” yarmarkasının elektrik enerjisi kəsilib. “Xalqlar Dostluğu”na artıq işıq verilib. Lakin “Laçın”dakı dükanlar hələ də şam və generator vasitəsi işıqlandırılır.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafa məsələyə münasibət bildirib. O, “Yeni Müsavat”a açıqlamasında deyib ki, “Laçın” Ticarət Mərkəzində işığın kəsilməsi “Azərişıq”la bağlı deyil. “Biz nə borca, nə də yenidənqurma işlərinə görə heç bir ticarət mərkəzinin işığını kəsməmişik”, – deyə o, bildirib.
Tanrıverdi Mustafanın bu fikirləri “Laçın”da çalışan ticarətçilərin iddialarının əsassız olmadığına şübhələri artırır. Xatırladaq ki, ticarətçilər “Azadlıq”a bildirmişdilər ki, elektrik enerjisinin kəsilməsi ticarət mərkəzinə qoyulan “haqla” bağlıdır. Onların iddiasına görə, işıq pulunu vaxtlı-vaxtında ödəyiblər. Sadəcə, ticartə mərkəzinin müdriyyətindən “hansısa dövət əhəmiyyətli tədbir üçün” ödəniş tələb olunur: “Görünür, məbləğ o qədər böyükdür ki, müdriyyət ödəmək qabiliyyətində olmayıb. Yoxsa, əvvəllər də belə tədbirlərə görə əlavə vəsitlər tələb olunurdu və heç bir problem yaşanmadan məsələ yoluna qoyulurdu”.


