Azərbaycan” qəzeti növbəti dəfə Qərbi və ABŞ-ı hədəfə alıb. Bütün dünyəvi günahlarda ittiham olunan Qərb insan haqlarının kobud şəkildə pozulduğu, demokratik prinsiplərin tapdandığı məkan kimi təqdim edilir. Hökumətin təbliğatına görə, rüşvətxorluq və korrupsiyada məhz bu məkanda uğurla inkişaf edir.
Amma bu təbliğatın fonunda maraq doğuran bir məqam var. Azərbaycan bir neçə ay sonra Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu addımın atılmasında məqsəd ölkənin beynəlxalq imicinin yüksəldilməsidir. Amma bunun fonunda qərbin hədəf seçilməsi də qəribə görünür.
Bu siyasətin yürüdülməsində məqsəd nədir?
Siyasi ekspertlərin fikrincə, hökumətin bu cür siyasi xətt tutması təsadüfi deyil. Əslində hökumətin belə bir siyasət yürütməsi Avropa Oyunları ilə də bağlıdır. Çünki Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana beynəlxalq diqqət artır. Nəticədə Azərbaycana qarşı insan haqları ilə bağlı təzyiq xarakterli mövqelər də artan xəttlə gedir. Ona görə Azərbaycan belə bir şəraitdə şantaj siyasətinə əl atır və bəyan etmək istəiyr ki, Azərbaycanla bağlı bu mövqe davam edəcəksə, hakimiyyət də adekvat olaraq həmin ölkələrə qarşı sərt münasibət göstərəcək.
Ekspertlərə görə, hakimiyyət eyni zamanda ondan da narahatdır ki, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artması Avropa Oyunlarının sönük keçməsi ilə nəticələnə bilər. Ona görə hakimiyyət tənqidlərə qarşı aqressiya göstərməklə onları səngitməyə çalışır. Əslində hakimiyyətin beynəlxalq rəyə təsir edə biələcək başqa vasitələri də yoxdur. Əslində hakimiyyət bu cür yanaşma sərgiləməklə özünə qarşı olan tənqidləri daha da artırmış olur.
Xəyal


