
Şəmkirdə şahmat üzrə Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turniri davam edir.
Turnirdə iştirak edən hazırkı dünya çempionu Maqnus Karlsen şəxsi aşpazını da özü ilə gətirib. Bu haqda turnirin rəsmi saytı yazır.
"Karyeramla əlaqədar tez-tez səfərlərdə oluram. Bəzən qonaq olduğum ölkənin yeməyinə öyrəşməkdə çətinlik çəkirəm. Buna görə də aşpaz mənimlə birgə səfərlərdə olur. Komandamı və məni xüsusi yeməklə təmin edir" – deyə M.Karlsen bildirib.
Dünya çempionu deyib ki, Şəmkirdə şahmatçılar üçün yüksək şərait olsa da öz aşpazının yeməklərini həvəslə yeyir: "Qidalanma çox vacibdir. İnanın, əhvalım olmayanda aşpaz özəl yeməklə məni ruhlandırır. Artıq nəyi xoşladığımı gözəl bilir. Şəmkirdə bizim üçün yüksək şərait yaradılıb. Bununla belə aşpazımın hazırladığı yeməkləri böyük həvəslə yeyirəm" (virtualaz.org).
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turniri aprelin 16-da başlayıb. Yarış aprelin 26-a qədər davam edəcək.
Turnirdə şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), keçmiş dünya çempionları Vişvanatan Anand (Hindistan) və Vladimir Kramnik (Rusiya), So Uesli (ABŞ), Vachier-Lagrave Maxime (Fransa), Maykl Adams (İngiltərə), Karuana Fabiano (İtaliya), Aniş Giri (Hollandiya) iştirak edir. Azərbaycanı Şəhriyar Məmmədyarovla Rauf Məmmədov təmsil edir.
Turnir "Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə keçirilir. Turnirin mükafat fondu 100 min avrodur.


