Hakimiyyət tənqidçilərinə qarşı «cığal uşaq» münasibəti sərgiləyir
Son dövrlər Azərbaycan hakimiyyətinin xarici siyasəti tamamən “qarğış-böhtan” janrına kökləndi. Hakimiyyət təmsilçiləri Azərbaycanla bağlı bütün tənqidi fikirlərə, hesabatlara, yazılanlara “cığal uşaq” reaksiyası verməyə başladı. Belə ki, Azərbaycandakı siyasi məhbus, korrupsiya, monopoliya ilə bağlı faktlar qarşılığında Azərbaycan hakimiyyəti “özünsən” arqumenti ilə silahlandı. Yəni bu ittihamların əsassız olduğunu, Azərbaycanda şəffaf bir vəziyyətin hökm sürdüyünü sübut edə bilmədikləri üçün bütün tənqidçilərini “sən ermənipərəstsən”, “Azərbaycanı gözləri götürmür” kimi cılız arqumentlərlə “salamladılar”. Qanunsuzluğun, ədalətsizliyin səviyyəsi o həddə çatdı ki, artıq Azərbaycanda baş verənləri gizlətmək mümkün olmadı və yalan imarəti çökməyə başladı.
Indi Azərbaycan hakimiyyəti bütün resurslardan istifadə edərək antiQərb siyasəti aparır. Hakimiyyət təmsilçiləri ABŞ-ı qarış-qarış gəzərək neqativ hallar axtarırlar.
Son günlər Avropa Oyunlarına qarşı boykot çağırışı, insan haqları təşkilatlarının və keçmiş diplomatların ABŞ dövlət katibi Con Kerriyə açıq məktub yazaraq insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza qadağası qoymağı, onların səhmlərini dondurmağı tələb etməsi hakimiyyətin qəzəbini daha da artırıb.
Ötən gün hakimiyyətin sözçüsü rolunda çıxış edən “Azərbaycan” qəzeti də antiABŞ kampaniyasına yenidən start verib və ABŞ-ın korrupsiya bataqlığında boğulduğunu tirajlayıb. “Insan hüquqlarını kütləvi şəkildə pozan ölkə azadlıqların meyarı ola bilməz” başlıqlı məqalədə ABŞ-ın tarixən pozucu mövqe tutması və qanunsuz əməllərin beşiyi olması vurğulanır: “Öncə onu qeyd edək ki, demokratiyadan, insan hüquq və azadlıqlarından danışıb islamofob siyasət yürüdən bu ölkənin son illər ərəb dövlətlərini necə qarışdırdığı, milyonlarla insanın azadlıqlarını necə tapdaladığı göz önündədir. Iraq, Tunis, Misir, Liviya, Suriya, Əfqanıstanda baş verənlər məhz ABŞ-ın həyata keçirdiyi islamofob siyasətin fəsadlarıdır. Bu isə təsadüfi deyil və əslində bu gün Barak Obamanın rəhbərlik etdiyi ABŞ hələ də dünya imperiyası qurmaq niyyətindən əl çəkmədiyi üçün meydana belə bir mənzərə çıxıb. ABŞ-ın demokratiya adı altında imitasiya ilə məşğul olmasını öz daxilində tarixən bu günə qədər davam edən kütləvi insan hüquqları pozuntuları da təsdiq edir. Əsrlər boyu Amerikanın yerli xalqları burada soyqırımına məruz qalıblar və nəticədə 3 milyondan çox hindu öldürülüb.ÿABŞ-da insanlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilmir, onlara mövcud idarəçiliyə qarşı etiraz səslərini ucaltmağa imkan verilmir, hətta elementar hüquqlarını müdafiə etməkdə belə acizdirlər.ÿBaş verənlər ABŞ-da irqi ayrı-seçkiliyi, polis özbaşınalığını, vətəndaşların sərbəst toplaşmaq, söz və məlumat azadlığı kimi fundamental hüquqlarının pozulduğunu açıq nümayiş etdirdi”- deyə məqalənin bir hissəsində yazılır.
Bəli, dünənə qədər “sendviç” kimi əzildiklərinə görə ABŞ-a şikayət edənlər, bugün ABŞ-ı insan haqlarının pozulmasında ittiham edirlər. Sanki 100-ə yaxın siyasi məhbus, cibinə narkotika atılıb şərlənən insanlar, sifarişlə hökm çıxaran hakimlər, vətəndaşın mülkiyyətini başına uçuran məmurlar, bütün sahələri monopoliyaya alan oliqarxlar ABŞ-da imiş. Tutaq ki, həqiqətən də ABŞ-da insan haqları pozulur. Bu Azərbaycan hakimiyyətinin şər-böhtan siyasətinə bəraətmi qazandırır? Bütün dünya Azərbaycandakı korrupsiyadan, repressiyalardan danışır və bunu faktlarla sübut edir. Azərbaycan hakimiyyəti isə tutarlı cavab vermək əvəzinə “ABŞ-da insan haqları pozulur” deyərək guya cavab qaytarır.
Amma “Azərbaycan” qəzetindəki məqalədən də aydın olur ki, hakimiyyət sərbəst toplaşmaq, söz və məlumat azadlığının vətəndaşın fundamental hüququ olduğunu bilir. Sadəcə hakimiyyətin maraqlarına uyğun olmadığına görə bu azadlıqları qandallayıblar.
“Azərbaycan” qəzeti bir məqalə ilə rahatlanmayıb və “Korrupsiyanı dövlət siyasətinə çevirən Qərb ölkələri Azərbaycanı niyə hədəf seçiblər” başlıqlı ikinci yazını da səhifəyə sığışdırıb. Məqalənin birinci hissəsində Azərbaycandakı inkişafdan, Ilham Əliyevin uğurlu siyasətindən söhbət açılır, ardınca isə ABŞ-dakı korrupsiyadan bəhs edilir: “Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Bir qədər əvvəl Ağ evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldağın üstü açılmışdı. Hələ ki, bu barədə də susmağa üstünlük verilib. Illinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb. Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır.ÿKeçən ilin oktyabrında ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə korrupsiya ittihamı ilə həbs ediliblər. Belə cinayətlər saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır”- deyə məqalədə bildirilir.
Daha sonra Avropa Birliyi hədəf seçilir və Avropa ölkələrindəki korrupsiyadan söhbət açılır.
Göründüyü kimi, korrupsiya üzrə rekord vurmuş hakimiyyət, ABŞ-da korrupsiya axtarışına çıxıb. Hansısa şəhərdə kiminsə 30 milyon dollar rüşvət alması, departamentin hansısa əməkdaşının ərzaq talonlarını satması təbii haldır. ABŞ böyük ölkədir və bu ölkədə də neqativ hallar baş verə bilər. Amma “Azərbaycan” qəzeti ABŞ-la bağlı bir neçə korrupsiya faktı sadalayır və bununla da guya arqument istehsal edir. Əvvəla, məqalədə də təsdiq olunur ki, ABŞ-da korrupsiya ilə məşğul olan bu adamlar həbs edilib. Digər tərəfdən, bu faktlar ABŞ-a zərbə kimi qiymətləndirilə bilməz.
Amma ABŞ prezidentinin ofşorlarda 48 milyard dollar pulunun olması, prezidentin övladının 75 milyonluq villası olması, prezident ailəsinin qızıl yataqlarına, banklara, şirkətlərə sahiblənməsi kimi fakt yoxdur. Yaxud, hansısa ABŞ nazirinin 200 şirkətinin olduğu, dünyanın hər yerində villalar tikdirdiyi kimi də fakt yoxdur. Və ya ABŞ-ın yüksək vəzifəli şəxslərinin bananı, kortofu, tikinti materiallarını və digər məhsulları monopoliyaya almasına dair də faktlar yoxdur. Biz eşitməmişik ki, ABŞ və ya Avropada sosial müavinət alan adamlardan 6 aylıq müavinəti rüşvət kimi alalar. Onu da görməmişik ki, hansısa Avropa ölkəsində müxalif fəalın cibinə narkotik atalar, yaxınlarını şantaj edələr. Barak Obamanın 3-cü dəfə prezident olmaq üçün yollar axtardığına da, təqaüdçülərə 70 qəpiklik artım hədiyyə etməsinə də, tənqidçilərini “vətən xaini” adlandırmasına da rast gəlməmişik. Bir sözlə, Azərbaycanda gördüklərimizi dünyanın heç bir ölkəsində görməmişik.
ABŞ-a qarşı bu qədər qara kampaniyadan sonra “Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədədir” deyə biləcək qədər analoqsuz siyasət yürüdülür. Bir daha təsdiq olunur ki, hakimiyyət öz vətəndaşına hörmət etməmək, günahsız həbs olunanları azadlığa buraxmamaq, korrupsiyadan əl çəkməmək üçün bütün dünya ilə düşmən olmağa hazırdır.
Bu da YAP hakimiyyətinin xarici siyasəti. Bütün məqamlarda “xaric oxuyurlar”.


