Neftin qiymətilə bağlı hansı gözləntilər var?

 
Məhəmməd Talıblı: «Nə 100 dolları keçməsi, nə də 20 dollara düşməsi inandırıcı görünür…»

Nemət Əliyev: «Neftin qiyməti daha da düşəcək, çünki kəskin ucuzlaşmaya səbəb olan amillər hələ aradan qaldırılmayıb»
 
Son günlər dünya bazarında neftin qiymətində nisbətən bahalaşma müşahidə olunur. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar artaraq, 56,52 dollar təşkil edib. London birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,73 dollar artaraq 64,18 dollar olub.
Dünya bazarında neftin bahalaşmasının səbəbi nədir? Bu tendensiya qiymətlərdə hansı həddə qədər davam edə bilər?
Iqtisadçılar hesab edir ki, bahalaşmanın bir neçə səbəbi var. Bu səbəblər isə müvəqqəti xarakter daşıdığından qiymət artımının davamlı olacağı gözlənilmir.
 
Iqtisadçı ekspert Məhəmməd Talıblı deyir ki, bütün hallarda yaxın dövr üçün neftin qiymətinin il üzrə orta qiymətinin 100 dolları keçəcəyi, yaxud da 20 dollara düşəcəyi inandırıcı görünmür: “Neftin qiymətinin dəyişməsinin çoxsaylı səbəbləri var. Müxtəlif regionlarda, separat ocaqlarda müharibələrdən tutmuş, ABŞ-da qasırğalara qədər ən müxtəlif amillər qiymətə təsir göstərir. Amma indiki halda, OPEK-in hasilat kvotasının müəyyənləşdirməsindən daha çox ABŞ-ın özünün şist neft və qaz istehsalı mühüm rol oynayır”.
Ekspertin sözlərinə görə, bahalı neft, o cümlədən resurs dövrü geridə qalsa da, artan məcmu tələb fonunda yenə də neft və neft məhsullarından istifadə ehtiyacı öz sözünü deyir. Xüsusilə, resursla zəngin bəzi regionlarda müharibələr və hərbi qarşıdurmalar həmin ölkələrin dünyada hasilat səviyyəsinə az da olsa təsir göstərir. Üstəlik, Iranla ABŞ arasındakı qarşıdurma son dövrlərdə nisbətən loyal xarakter aldığından və münasibətlər əməkdaşlıq platformasına daxil olduğundan, bu amilin də təsirini nəzərdən qaçırmaq olmaz.
“Amma OPEK-in ümumi mövqeyi odur ki, 1 barel neftin ortalama qiymət səviyyəsinin 60-80 dollar civarında saxlanması həm nefti hasil edən, həm də onu idxal edən ölkələr üçün ən münasib qiymət həddidir. Buna nail olmaq üçün hasilat kvatasını ona adekvat olaraq aşağı sala və ya qaldıra bilir. Amma bütün hallarda, düşünürəm ki, il üzrə ortalama qiymət həddi 50-80 dollar koridorunda tərəddüd edəcək”, – deyə Məhəmməd Talıblı bildirib.
Ekspert fikrini əsaslandırarkən qeyd edir ki, qiymətlərin çox bahalaşması və ya həddindən artıq ucuzlaşması üçün ciddi proqnoza söykənən faktorlar gözə dəymir. Hətta Beynəlxalq Enerji Agentliyi də bu aralarda proqnoz verməyə risk eləmir: “Çünki sürətlə dəyişən şərtlər üçün yalnız cari proqnozlar vermək olar”.
 
Digər iqtisadçı ekspert Nemət Əliyev isə düşünür ki, neftin qiymətilə bağlı daha real proqnoz qiymətlərin ucuzlaşacağıdır: “Son günlərdə qiymətlərdəki cüzi artımları neft hasil edən ölkələrin qiymətin ucuzlaşması fonunda itirdiklərini qismən də olsa kompensasiya etmək niyyətilə əsaslandırmaq olar. Görünən odur ki, neft hasil edən ölkələr Rusiya-ABŞ, eləcə də Rusiya-Avropa Birliyi qarşıdurmasından böyük ziyan çəkiblər. Onlar bu itkilərin bərpası istiqamətində müəyyən addımlar atmağa çalışırlar.ÿBunun nəticəsidir ki, dünya bazarında bu istiqamətdə müsbət dəyişikliklər müşahidə edilir.ÿAmma düşünmürəm ki, neftin  bahalaşması davamlı olacaq. Baş verən siyasi hadisələr belə deməyə əsas verir”.
Nemət Əliyevin sözlərinə görə, neftin kəskin ucuzlaşmasına səbəb olan amillər hələ aradan qaldırılmayıb: “Üstəlik, son zamanlar ABŞ-la Iran arasında əldə oluan razılaşma və bu fonda Tehrana qarşı sanksiyaların aradan qalxmaq ehtimalını nəzərə alaraq, dünya bazarında təklifin tələbi üstələyəcəyini proqnozlaşdırmaq olar. Belə olan halda, neftin qiyməti daha da aşağı düşəcək”.
Ekspert onu da əlavə edir ki, Azərbaycan hökuməti öz addımlarında neftin qiymətinin ucuzlaşması ehtimalını diqqətdən qaçırmamalıdır: “Onsuz da bu arxayınlıq Azərbaycan xalqının sosial-iqtisadi həyatına böyük zərbələr vurub”.
Emil Səlimov