Azərbaycan neftin qiyməti proqnozlarına mühafizəkar yanaşacaqdır. “Marja”nın məlumatına görə, Azərbaycanın maliyyə naziri keçirdiyi mətbuat konfransında bildirib ki, proqnozlara baxmayaraq, bu gün heç kəs neftin qiymətinin gələcəkdə necə olacağını dəqiq deyə bilməz.
“OPEC UCUZ NEFTDƏ MARAQLIDIR”
Samir Şərifov qeyd edib ki, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) hasilatı artıraraq nefti ucuzlaşdırmaqda maraqıdır. Məqsəd ABŞ-ın yüksək xərclə neft hasil edən istehsalçılarını bazardan sıxışdırmaqdır:
“Bu gün iri neft istehsalçıları hasilatı azaltmaq istəmirlər. Əksinə, OPEC təşkilatına üzv olan ölkələr hasilatı artırırlar. Bunların siyasəti, yüksək istehsal xərclərinə malik istehsalçıların bazardan sıxışdırılmasına yönəlib. Hesab edirəm ki, hələ mübarizənin başlanğıcındayıq. 2016-cı ilin büdcəsi hazırlanan zaman bu faktorları nəzərdən keçirəcəyik. Həmişəki kimi neftin qiyməti proqnozlarına mühafizəkar yanaşacağıq”.
NEFTİ BAHALAŞDIRAN, SONRA İSƏ UCUZLAŞDIRAN FAKTORLARI SADALADI
Samir Şərifov, “hesab edirik ki, neftin qiymətinin aşağı düşməsinə neftin təklifinin təlabatı xeyli üstələməsi səbəb olmuşdur” deyərək sözlərinə belə davam edib:
“Bunun üçün də bir sıra faktorlar mövcuddur. İlk növbədə əvvəlki illərdə neftin qiyməti çox yüksək olduğuna görə, neft hasil etmək üçün daha çox şirkətlər yaranmışdır. Neftin qiyməti 100 dollardan yuxarı olduqda hasilatı səmərəli olmayan yataqlardan neftin çıxardılması əlverişli oldu. Digər tərəfdən, yeni texnologiyalar əlverişsiz yataqlardan hasilatı asanlaşdırmışdır. Şübhəsiz ki, bunlar da qiymətlərin aşağı düşməsinə öz təsirini göstərmişdir.
Həmçinin, ABŞ və Avropada rekord aşağı səviyyələrdə faiz dərəcələri mövcuddur. Yəni, faktiki olaraq pullar iqtisadiyyata faizsiz verilir. Şübhəsiz ki, ucuz pul-kredit siyasəti çərçivəsində hansısa bir biznesə vəsait yatırmaq daha sərfəlidir, xüsusilə hər barreli 100 dollar gəlir gətirən neftə. Buna görə də bu sahəyə daha çox sərmayə yatırılmağa başlanmışdı.Təəccüblü deyil ki, ABŞ-da neftin hasilatı gündəlik 2-2,5 milyon barrel artmışdır. Bu da beynəlxalq bazarlara təsir etmişdir.
Bunlardan başqa, ucuz pul siyasəti nefti əlverişli spekulyasiya alətinə çevirmişdir. Bu da istər-istməz neftin qiymtinin artmasına öz təsirini gösərmişdir.
Digər tərəfdən də, təklifin artmasına baxmayaraq təlabat azalmağa başlamışdır. İlk növbədə neftin əsas alıcıları olan Çin və Hindistan kimi iri iqtisadiyyatlarda bir qədər ləngimələr baş vermişdir. Bu ölkələrin hökumətlərinin düşünülmüş siyasətləri nəticəsində iqtisadiyyatları bir qədər ləngiyir. Çünki, həmin ölkələr iqtisadiyyatın ifrat dərəcədə “qızmasından” narahatdırlar. Xüsusilə, bu, əmlak bazarında özünü biruzə verir. Bu ölkələrdə iqtisadi artım templəri aşağı düşdüyünə gərə, neftə təlabat da aşağı düşmüşdür”.
BÜDCƏDƏ NEFTİN QİYMƏTİ 50 DOLLAR NƏZƏRDƏ TUTULA BİLƏR
Samir Şərifov əlavə edib ki, 2016-cı ilin dövlət büdcəsinin ilk variantı üzərində işlər gedir:
“Biz ilkin ssenarilərdə neftin qiymətini 50 dollardan götürürük. Lakin bu prosesdir, nələrin baş verəcəyinə baxacağıq. Bizim büdcəmizdə neftin qiyməti birbaşa rol oynamır. Daha çox icmal büdcəsinin gəlirlərinə təsir edir. Biz prosesləri izləyirik, bunlara uyğun adekvad addımlar atılacaqdır”.


