Putin Ermənistana hansı mesajlarla gedir?

Vəfa Quluzadə: “Səfərin məqsədi erməniləri Rusiyasız hər şeyin daha pis olacağına inandırmaqdır”

Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Ermənistana rəsmi səfər edəcək. Kremlin mətbuat xidmətinin məlumatında bildirilib ki, səfər çərçivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Görüşdə iki ölkə arasında gündəmdə olan məsələlər, regional və beynəlxalq mövzular müzakirə olunacaq.
Səfərin “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunan tədbirin keçirildiyi günə təsadüf etməsi xüsusi maraq doğurur. Türkiyə ilə Avropa Birliyi arasında gərginliyin yaşandlğı bir dönəmdə baş tutacaq bu səfərdə Putin Ermənistan prezidenti ilə daha hansı mövzular ətrafında müzakirələr apara bilər?

Politoloq Vəfa Quluzadə hesab edir ki, Putinin Ermənistana səfər etməsində əsas məqsəd erməni xalqını Rusiyasız hər şeyin daha pis olacağına inandırmaqdan ibarətdir: “Rusiya ilk növbədə, Ermənistanla əlaqələri möhkəmləndirmək arzusundadır. Son zamanlar Ermənistanda Rusiya əleyhinə tendendisiyanın müşahidə olunması Rusiyanı narahat edir. Rusiya bu ölkəni müstəmləkəsi kimi qoruduğunu düşünərkən, erməni xalqı Avropa Birliyi ilə inteqrasiyanı arzu edir. Ermənistanda rus əsgərinin törətdiyi qətl hadisəsindən sonra ölkədə ciddi anti-Rusiya əhval-ruhiyyəsi baş qaldırıb.  Putin öz səfəri zamanı bütün bunlara son qoymağa çalışacaq”.
Politoloqun fikrincə, Putin eyni zamanda Ermənistanı əmin etmək istəyir ki, Rusiyanın dəstəyi olmasa Türkiyə və Azərbaycan bu ölkəni məhvə sürükləyəcək. “Bilirik ki, ermənilər tarix boyu öz övladlarını tərbiyə edərkən türkün onlar üçün təhlükə olduğunu qeyd ediblər. Ermənilər hətta körpə uşaqları “türklər gəlib sizi öldürəcək” kimi fikirlərlə böyüdürlər. Bu baxımdan hesab edirəm ki, Putin erməniləri “türk zərbəsindən” qoruyurmuş kimi bir imic formalaşdırmağa davam edəcək”, – deyə V.Quluzadə qeyd edib.

Emil