«Tezliklə ABŞ və Avropanı terror dalğası bürüyəcək»
ABŞ-la İran arasında qarşılıqlı ittihamlar səngimək bilmir. Birləşmiş Ştatlar İranı Yəməndəki şiə qiyamçılarını silahlandırmaqda ittiham edir. Qarşı tərəf də ABŞ-ın «İslam Dövlət»ini silahla təchiz etdiyini bildirir.
İran Silahlı Qüvvələrinin rəhbəri, general-mayor Həsən Firuzabadi əmindir ki, ABŞ adıçəkilən silahlı qruplaşmaya maliyyə və silah dəstəyi verir. General bununla bağlı İranın əlində dəqiq məlumatların olduğunu bildirir: «Amerika təyyarələri mütəmadi olaraq bu terrorçuların nəzarətində olan hava limanlarına uçuş həyata keçirir. Təyyarələrdə silah, pul və qida yardımı olur. Vaşinqton silahlı qruplaşmaya yardım etməməli idi. Sonra da çıxıb bunun yanlışlıqdan baş verdiyini deyərək üzr istəyir. ABŞ dildə «İslam Dövləti»nə qarşı olduğunu bəyan edir, əməldə isə bunun əskini göstərir».
Firuzabadinin fikrincə, ABŞ bəyanatlarında səmimi olsaydı, bu qruplaşmanı asanlıqla zərərsizələşdirərdi. Ümid edirik ki. ABŞ və Britaniya ən azı öz vətəndaşlarının xatirinə «İslam Dövləti»nə qarşı mübarizə aparacaq. Yaxın gələcəkdə ABŞ və Avropanı terror dalğası bürüyəcək. Dünyada bütün insanlar terrora qarşı mübarizə aparmalı, terrorçulara pul və silah verməməlidir».
«İslam Dövləti» İraq və Suriyada bəzi əraziləri ələ keçirərək orada xilafət qurub. Ötən ilin avqustunda ABŞ qruplaşmaya qarşı hərbi əməliyyat keçirib. Əməliyyatların keçirildiyi 8 ay müddətində «İslam Dövləti» İraqda 17 min kv.km.-dək əraziyə nəzarəti itirib. Suriyada isə bu sahədə vəziyyət dəyişməz olaraq qalıb.
Gültəkin


