RƏSUL – insan haqlarının elçisi

Səhv eləmirəmsə, Vətəndaş cəmiyyəti toplumda yerini almağa başlayanda Taleh Xasməmmədovla Bəxtiyar Məmmədov həbs edilən ilk hüquq müdafiəçiləri oldu. Sonra onların sayı artdı. Ən son Leyla Yunusa, Intiqam Əliyevə gəlib çatdılar. Bir də Rəsul. Bizim Rəsul. Mənim çox istədiyim Rəsul. 
Ağır Cinayətlər Məhkəməsində (?) Rəsula hökm oxudular: altı il altı ay. Bu müddət hər yaş üçün əslində eyni qəbul edilməz. Altı il yarım gəncliyimdə mənə çox uzaq gələrdi. Gözüm almazdı, sonuna yetməyə tələsərdim, indi belə deyil. Altı il mənim üçün altı aydan da azdı. Amma Rəsul gəncdi, dünyanı gəzib-görmüş yaraşıqlı, subay gənc. Arzularına doğru sürətlə qoşan çağdadır. Subaylığın bu dönəm sultanlığı ömürdən gedəndi. Altı il yarım onun üçün upuzun bir dönəm olacaq. Altı il altı ayın günlərini barmaqhesabı saymaqla keçirmək əzabdı. Bu altı ildə o, hüquq müdafiəçiliyi çalışmalarında nələr edə bilərdi, nələri dəyişərdi, bunları sadalamıram. Ən azı sevdiklərinin əhatəsində olardı, babasının qulluğunda durardı, ailədə atasını əvəz edərdi. Gözaltısı vardısa evlənərdi, anasına gəlin gətirərdi, qardaşını “əmi” edərdi. Rəsul altı il yarımlıq nədir, arxada qalan yeddi aylıq əzaba belə layiq birisi deyil. O bu cəzanı haqq etmir, insafınız, insanlığınız olsun!
 
Rəsulun özü
 
Mən Zəlimxan Yaqub deyiləm, amma yeri gələndə adama yaraşan bütün yaxşı, pis keyfiyyətləri, sinonimləri sadalamağı sevirəm. Istəyirəm tanımayanların gözündə yaratdığım obraz tam, bütöv olsun. Rəsul dediyimdə öz-özünə sıralanan sözlər var: mədəni, savadlı, məntiqli, nəzakətli, sayğılı, zövqlü, mehriban, gülərüz. Böyük-kiçik yeri bilən, danışığına sədd qoyan, ölçü hissini itirməyən. Azad, açıq birisi. Hardasa sadə, hardasa utancaq. Nikbin! Nikbinlik qələbənin yarısıdır. Rəsul yarı yolu adlayıb. O, 30 yaşında çoxlarının uzun ömürboyu yaşamadıqlarını yaşayıb. Görmədiyi türmə idi, tanıtdılar. Rəsulu bir kamerada altı il yaşatmağı düşünənlər nə dünyanın təpkisini vecinə alır, nə də bizimkilərin. Amma həyatın daha gözlənilməz təpkiləri də var.
 
Rəsulun sözü
 
Dövran elə dəyişdi ki, uzun illərin televiziyaçılıq təcrübəsindən sonra bir müddət Rəsulun yönəltdiyi bir işdə çalışmalı oldum. Ilk orda tanıdım bu gənci. Ilk ayın sonunda gördüyümüz işləri çək-çevir edərkən mənim əlimdən keçən mexaniki bir səhv ortaya çıxdı. Rəsul o səhvin səhv olduğunu mənə o qədər nəzakətlə, dostcasına, səhvin dəyərini azaldaraq anlatdı ki. Belə birisini tanımağıma sevindim, sevdim. Iki il sonra onun səhv hərəkətindən aramızda gərginlik yarananda belə Rəsula münasibətim dəyişmədi. O, səhvini o qədər hörmət və nəzakətlə etiraf edib üzr dilədi ki. Ilk olaraq Rəsulu tanıyandan sonra o dönəm metroda, avtobusda, parklarda, bulvarda görüb qınadığım Azərbaycan gəncliyi barədə pessimist düşüncələrim yox oldu. Rəsul beynəlxalq qurumlarda çalışmaq potensialı olan birisidi. Içində böyütdüyü inamı var: “Hər şey yaxşı olacaq”. Yaxşı nəyə deyirsən, Rəsul? “REAL gələcək”.
 
Rəsulun babası
 
Rəsulun 85 yaşlı babası adını verdiyi nəvəsinin bütün məhkəmələrinə gəlib. Dünya görmüş adamdı, əlbət, kimin nə dediyinə, kimin nəyi necə çevirdiyinə qulaq asıb, tərəziyə qoyub, yalanı doğrudan, yamanı yaxşıdan ayırıb. Əminəm, o məhkəməyə əsas Rəsulu görməyə gəlirmiş. Rəsul babanın ən əziz və sadiq dostudu. Onların arasında 50 yaş fərq olduğu hiss edilməz. Babanı mən şəxsən tanıyıram, onların dostluğuna şahidəm. Novxanıda bağlarında olarkən babanın Rəsulun xatirinə uşaqlı-böyüklü 20-25 qonağın gəlişinə necə sevindiyini, bizlərin könlünü necə şad etməyə çalışdığını görmüşəm. Tanrı babalara ömür versin, anaları sevindirsin, nəvələri qorusun.
 
Mən Rəsulun məhkəməsinə niyə getmədim
 
Rəsulun qardaşı Sənan məhkəməyə gəlməyən “dostları” qınayıb. Çox haqlıdır. Məhkəməyə gəlmək göz-gözə salamlaşmaqdı, baxışlarla hal-əhval tutmaqdı. Mühakimə olunanı sevindirməkdi, dəstəkləməkdi. Amma mən Rəsulun məhkəməsinə getməyə özümü məcbur edə bilmədim. Onu o qəfəsdə görmək yaddaşımdan gözəl şeyləri silmək olardı. Gözəl anıları itirmək istəmədim. Görməsəm də bilirəm, qəfəs Rəsula yaraşmır. Qəfəs Rəsulluq deyil. Rəsul qəfəslik deyil. Qəfəs insan canına qıyanlar, o cana qıydıranlar, qəfəs insanların son gümanını, balasının çörəyini əlindən alıb harınlayanlar, dövlətin malını talayanlar, gerçəkdən vergidən yayınıb adamlarına konvertdə haqq verənlər, vəzifəsindən olmazın qədər yararlanıb adamları kölə kimi çalışdıranlar üçündür. Hər şeyin adama yaraşanı var. Rəsula sevimli olmaq yaraşır. Mənim ona ayrıca hörmətim var; o hörmət qəfəsləri aşar. 
 
Rəsula sözüm
 
Üç il qabaq eyni təşkilatda çalışdığımız zamanlar həbsdə olan jurnalistlərin, hüquq müdafiəçilərinin, ömürlük həbsə məhkum edilənlərin hüquqlarının bərpası üçün vuruşarkən, aksiyalarda öndə gedərkən, “Eurovision” zamanı dünyanın diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına yönəldərkən, Lorenlə şəkil çəkdirərkən deyərdim: “Rəsul, bax ha, sənə ”peredaça" gətirməyəcəm". O da özünə xas nəzakətlə; “Hər şey yaxşı olacaq. Peredaçaya gərək qalmayacaq”- deyirdi. Əminəm, altı ilin bu başında yenə belə düşünür. O başında da elə düşünəcək. Hər açılan səhərin kamerada sonuncü gün olacağına ümidini heç itirməyəcək. Kiçik bir problemi olacaq. Mədəsindəki nasazlıq həbsxana menyusuyla barışmayacaq. Bu üzdən qabaqcadan xəbərdar etdiyim kimi Kürdəxanıya “peredaça” aparmasam da, ən gözəl yeməkləri dostlardan göndərməyə hazıram. Rəsul, sifarişini ver, istəyini söylə! “Hər şey yaxşı olacaq”!
Fimar