Büdcədə neftin qiymətinin dəyişdirilməməsi hansı fəsadlar vəd edir?
Dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı olaraq neft ixracatçısı olan dövlətlər anti-böhran tədbirləri görsələr də, Azərbaycan hökuməti fərqli yol tutdu. Nəinki reallığa uyğun olaraq addımlar atılmadı, əksinə, dövlət büdcəsindəki neftin bir barreli 90 dollardan götürüldü.
Amma hakimiyyət yol verdiyi səhvi düzəltmək fikrində görünmür. Əksinə, mayda dövlət büdcəsinə yenidən baxılaraq neftin qiymətinin dəyişdirilməsini istəmir.
Parlamentin iqtisadiyyat komissiyasının rəhbəri, deputat Vahid Əhmədov mətbuata açıqlamasında bildirib ki, neftin qiyməti dünya bazarında ucuzlaşsa da, Azərbaycanın dövlət büdcəsinin xərclər hissəsində ixtisar aparılmayacaq. “Hökumət çıxış yolu kimi Neft Fondunun xaricdə ehtiyat kimi saxlanılan vəsaitlərini xərcləyəcək. Başqa cür mümkün deyil. Bəs Neft Fondu nədən ötrü yaradılıb? Gələcək nəsillərə müəyyən qədər vəsait saxlamaqdan ötrü. Əlbəttə ki, bu cür kritik vəziyyətlər yarananda, iqtisadi böhran yarananda vəziyyətdən çıxmaq üçün”, deyə V.Əhmədov vurğulayıb.
Bu o deməkdir ki, Neft Fondu 2015-ci ildə ehtiyat üçün vəsait ayıra bilməyəcək, əksinə, yığdığını xərcləyəcək. Məsələn, başqa bir neft ölkəsi Norveçin Neft Fondu qanunla vəsaitlərin maksimum dörd faizini dövlət büdcəsinə köçürə bilər, 96 faiz vəsait gələcək nəsillər üçün saxlanılmalıdır.
Samir Əliyev: “Hazırda Neft Fondunun 2,7 milyard vəsaiti depozit və pul şəklindədir, qalan vəsaitləri isə geri çağırmaq olmaz”
Iqtisadçı Samir Əliyev bildirib ki, Neft Fondu tarixində ilk dəfədir ki, xaricdəki vəsaitlərini geri çağırmaq məcburiyyətində qalıb: “Hələ Dövlət Neft Fondunda neftin qiyməti bir barrel üçün 90 dollardan götürüləndə belə Fondun büdcəsində kəsir yaranmışdı. 2015-ci ildə Fondun gəlirlərinin 10 246 611,9 min manat, xərclərinin isə 11 813 909,2 min manat təşkil etməsi nəzərdə tutulurdu. Gəlirlər xərc hissədən az idi. Hökumət devalvasiya etdi və vəziyyəti nisbətən yaxşılaşdırdı. Indi dövlət büdcəsi Neft Fondundan istədiyi transferti azaltmaq istəməsə, xaricdəki vəsaitləri geri çağırmaq məcburiyyəti yaranır”.
Samir Əliyev bildirib ki, hazırda Neft Fondunun 2,7 milyard vəsaiti depozit və pul şəklindədir – bunlar sərbəst vəsaitlərdir və qısa müddətdə geri çağırıla bilər. Qalan vəsaitlər isə səhm portfeli, daşınmaz əmlak və qızıl şəklindədir (“Bizim Yol”).
Məhəmməd Talıblı: “Hökumət ya investisiya layihələrini təxirə salmalıdır, ya da büdcə xərclərini ixtisar etməlidir”
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, ölkəyə indiyə qədər 107 milyard neft vəsaiti daxil olub. Bu vəsaitin 70 milyardının artıq xərcləndiyini deyən M.Talıblı bildirdi ki, Neft Fondunda qalan 37 milyardlıq vəsait isə real deyil: “Əgər biz Neft Fondunda qalan vəsaitlərin müzakirəsini aparırıqsa, bu da real deyil. Tutalım bizə beş milyard vəsait lazımdır və biz bunu Neft Fondundan götürəcəyik. Biz bunu edə bilmərik. Bu pullar sadəcə olaraq kağız üzərindədir. Bu vəsaitlər xarici idarəetmədir. Bu müddətdə isə həmin vəsaitdən istifadə etmək, onun üzərində sərəncam vermək hüququmuz yoxdur”.
Neftin büdcədəki qiymətinin dəyişdirilməməsinin yaradacağı problemə gəlincə, M.Talıblı bildirdi ki, bu fəsadlar sadəcə bu günlə bağlı deyil. Bu, özünü növbəti ilin daxilolmalarında da göstərəcək. Çünki həmin pullar Neft Fonduna daxil olur: “Büdcə neft pullarını iki kanal ilə qəbul edir. Birinci kanal Neft Fondundan olan transfertlərlə bağlıdır. Digər kanal isə Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərin hesabına yaranır. Hər bir halda neftin qiymətinin büdcədə reallıqdan az göstərilməsi ölkənin aktivlərinin azalmasına gətirib çıxarır. Nəticədə dövlət büdcəsi də müəyyən xərcləmələrini azaltmağa məcbur qalır. Bu isə az vəsait deyil. Bu vəsait milyardlarla ölçülür. Ona görə ya hökumət investisiya layihələrini təxirə salmalıdır, ya da xərcləmələrdə xərcləri ixtisar etməlidir. Bu isə büdcə öhdəliklərinin icra edilmək imkanını daraldır”.
Xəyal