Hakimiyyətin Avropa hədəsinin arxasında nə dayanır?

Avropa Parlamentinin qətnaməsi demokratiyadan qaçış üçün necə fürsət yaratdı?

 
Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qətnaməsi ədalətsizdir və tarixin təhrif edilməsidir. Təbii ki, bu qətnaməyə etiraz edilməlidir və Avropa Parlamentinin yanlış qərar verdiyi tarixi faktlarla bir daha ortaya qoyulmalıdır. Amma məsələnin başqa tərəfi ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti bu qərardan sui-istifadə edərək öz antidemokratik siyasətinə haqq qazandırmaq istəyir.
Qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti bundan öncə də antiQərb kampaniyasına start vermişdi və demokratik öhdəliklərə əməl etməmək üçün Qərbə qarşı ağlagəlməz ittihamalr səsləndirmişdi. Avropa Parlamenti Qarabağ məsələsi ilə bağlı 2 dəfə Azərbaycanın maraqlarını ifadə edən qətnamə qəbul edib. Amma bu qətnamə də hakimiyyəti Qərbə doğru addım atmağa sövq etməmişdi. Indi Riqa sammiti öncəsi Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qətnaməsi hakimiyyət üçün böyük fürsət yaratdı.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da baş verənlərə münasibət bildirib və Avropa Birliyi ilə münasibətlərə yenidən baxılacağını söyləyib: “Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisə olmayıb və bu kimi qərarlar və qətnamələr yalnız ayrı-ayrı dairələrin öz maraqlarını təmin etmək cəhdlərinin nəticəsi olaraq meydana çıxır. Həmin dairələr hazırda Rusiyaya qarşı formalaşdırılan birliyə qoşulmadıqlarına görə, Türkiyə və Azərbaycandan qisas alırlar. Biz, belə yalanlarla, ”qara piar" kampaniyaları ilə “Avroviziya” mahnı müsabiqəsi zamanı da qarşılaşmışdıq. Yəqin ki gələcəkdə də biz bu tipli “qərarların” şahidi olacağıq. Azərbaycan Avropa Parlamentinin “Avronest” qrupunda fəaliyyətini dayandırıb. Belə getsə, Avropa Parlamenti ilə bütün əlaqələrə yenidən baxmalı olacağıq"- deyə Əli Həsənov bildirib.
Yuxarıda da qeyd etdiyimiz kimi hakimiyyət Avropa Parlamentinin qərarına görə belə aqressiv deyil. Əks halda Avropa Parlamentindən öncə “erməni soyqırımı”nı tanıyan ölkələrlə qardaşlıq münasibətində olmazdılar. Qeyd edək ki, Rusiya parlamenti uydurma soyqırımı 1995-ci ildən tanıyıb, Fransa bu “soyqırımı” tanımaqla bərabər, bu hadisəni inkar edənlərə qarşı cinayət məsuliyyəti nəzərdə tutub. Vatikan “erməni soyqırımı”nı 2000-ci ildə tanıyıb. 
Amma Azərbaycan hakimiyyəti Qarabağın işğalına, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına səbəbkar olmuş, üstəlik, erməni soyqırımını tanımış Rusiyaya “böyük qardaş” kimi yanaşır və ölkənin maraqları naminə bütün dünya ilə düşmən olub. 
Yaxud Fransa bu soyqırımı tanıdığı halda Azərbyacan hakimiyyəti bu ölkədə muzeylər təmir elətdirir, ölkə rəhbərliyi Fransa dövlətinin fəxri titullarına layiq görülür.  
Vatikanda isə Heydər Əliyev fondu 10-larla xeyriyyə tədbiri həyata keçirib və milyonlarla vəsait bu xeyriyyəçiliyə sərf olunub.
Indi sual meydana çıxır? Niyə Avropa Parlamentinə qarşı sərgilənən münasibət Vatikana, Fransaya, Rusiyaya qarşı sərgilənməyib? Əksinə, Azərbaycan hakimiyyəti bu ölkələrin erməni jestindən sonra daha da səxavətli olub.
Deməli, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmağın səbəbi məlum qətnamə deyil. Əminliklə demək olar ki, Avropa Parlamenti “Azərbaycanda siyasi məhbus yoxdur, korrupsiyanın kökü kəsilib, hakimiyyət şəffafdır” deyə qətnamə qəbul etsə, YAP hakimiyyəti Bakıda “Avropa Birliyi” parkı salar.
Uzun illərdi Azərbaycan hakimiyyətindən demokratik islahatlar aparmaq tələb edilir. Hakimiyyət isə biabırçı arqumentlərlə bu tələblərdən yayınırdı. Indi baş verənləri fürsət kimi dəyərləndirib, aparılan repressiv siyasətə haqq qazandırmağa çalışırlar.
Amma unutmaq lazım deyil ki, Avropa Birliyi ilə münasibətlərə yenidən baxmaq və bu qurumla əlaqələri kəsmək Avropa Birliyindən heç nə almayacaq. Azərbaycan isə daha sərt avtoritar rejimə çevriləcək və hakimiyyət qanunsuz əməllərini legitimləşdirməyə davam edəcək.