Ermənilərin qondarma soyqırım iddiası Almaniyada da mübahisələrə səbəb olub. Almaniya mediasının yaydığı məlumata görə, hökumət 1915-16-cı il hadisələrilə bağlı kəskin bəyanat verməkdən, “soyqırım” sözünü işlətməkdən çəkinir. Müxalifət, eləcə də hakim koalisiyaya daxil olan bəzi deputatlar isə partiya rəhbərliyini “cəsarət çatışmazlığına görə” tənqid edir.
“Federal hökumət ermənilərin qırılması və qovulmasını pisləyir və tərəflər arasında barışıq əldə olunmasına çalışır”, – deyə hökumətin rəsmi təmsilçisinin müavini Kristian Virts bildirib.
O, qeyd edib ki, tarix haqqında mühakimələrə insanları məcbur etmək olmaz: “Bu məsələ ilə mütəxəssislər, tarixçilər və maraqlı ölkələr məşğul olmalıdır”.
Onun sözlərinə görə, Almaniya hökuməti Roma papası Fransisin ermənilərlə bağlı dediklərini də şərh etmək niyyətində deyil.
Qeyd edək ki, aprelin 24-də Bundestaqda 1915-ci il hadisələrinin 100 illiyinə həsr olunmuş müzakirələrin keçirilməsi planlaşdırılır. Parlamentdə təmsil olunan bir sıra fraksiyalar bununla bağlı qətnamə layihələri hazırlayıblar. Hakim koalisiyanın təqdim etdiyi qətnamə layihəsində “soyqırım” sözü yoxdur. Lakin digər iki fraksiyanın layihəsində var.
“Tagesspiegel” qəzetinin yaydığı məlumata görə, hakim koalisiyanın layihəsində də əvvəlcə “soyqırım” ifadəsi olub. Lakin fraksiya rəhbərliyi və Almaniya Xarici Işlər Nazirliyinin təkidilə sonradan mətndən çıxarılıb.
Maraqlıdır ki, Yaşıllar partiyasının həmsədri, milliyyətcə türk olan Cem Özdəmir də buna görə hökuməti qınayanlar arasındadır.
“Hesab edirəm ki, hökumət Ankaranın kəskin reaksiyasından çəkinərək səhvən bu yolu tutub”, – deyə Cem Özdəmir bildirib.
Informasiya şöbəsi


