italiya

İtalyanlar niyə xoşbəxtdirlər?

italiyaOrxan Məmməd
 
Artıq 8 aydır İtaliyada yaşamağım, italyanlarla bir evdə qalmağım mənə azda olsa İtaliya haqqında danışmağa, mədəniyyətlərindən söz etməyə imkan verir. Burda olduğum müddətdə gördüyüm ən başlıca xüsusiyyət italyanların çox xoşbəxt və gülərüz olmasıdır. Xoşbəxtliklərinin səbəblərini müşahidə etməyə çalışmışam. Gəldiyim qənaət budur ki, məhz biz də italyanlar kimi xoşbəxt ola bilərik, lakin onu məhdudlaşdıran məhz ölkədəki siyasi vəziyyət və hökumətdir. Biraz aydınlaşdırmağa çalışım:
Bura İtaliyanın Manarola şəhəridir. Kiçik şəhərdir, insanları tam əminliklə deyə bilərəm ki, xoşbəxtdirlər. Niyə? Evlərin boyanma şəklinə fikir verin, öz zövqlərini şəxsi mülklərində rahatlıqla ifadə ediblər, italyanlar ümumiyyətlə zövqlüdürlər, amma burda bir məqam da əsasdır. Hökumət müdaxiləsi olmayıb, yəni təsəvvür edin bu şəhər bizdədir və belə eləmək istəyirik. Şəhər icra hakimiyyətinin memarlıq idarəsi bir yandan gələcək, nə bilim bələdiyyə bir yandan ki, “Bəs belə şey olmaz, bu şəhərin memarlığını pozur, yadaki filan qədər pul ver” hərnəisə bu tipli müdaxilərlə insanların zəhlələrini töküb qarşı çıxacaqlar. Bütün şəhəri aqlay edənlər, alıçpan və başqa mənasız örtüklərlə eyni cür örtənlər nə qanır ey zövq nədir? İnanın bu şəhərdəkilər varlı deyillər, evlərdən də göründüyü kimi sadə yaşayırlar, amma zövqləri və zövqlərini ifadə etmək azadlığı bu şəhəri belə gözəl edib, turistlərin gəzməyi üçün İtaliyanın ilk 10-luğuna girib və verilmiş bu azadlıqdan İtaliya dövləti milyonlar qazanır.
İtaliyanı məşhur edən ən başlıca xüsusiyyəti-tarixidir. İtalyanlar tarixlərini ən yüksək səviyyədə mühafizə ediblər. Küçələrdə binaların üzünü ağardıb, yüzlərlə tarixi abidəni məhv edib yerində bina tikməyiblər. Binaların üzünü niyə ağardırlar axı?! Niyə binaların üzünə saxta üzlüklər çəkib insanları aldatmağa çalışırlar?! Maraqlıdır bu fikirləri bizim hökumətə kim verir? Küçələrimizdə tarixdən əsər əlamət qalmayıb, hər yerdə sünilik, insanlarımızın canına da hopub zamanla.
Və yaxud küçə musiqiləri. Hər küçədə insanlar rahatca bacarıqlarını ifa edib, həm də pul qazanırlar. Hətda küçənin ortasına pianino kimi böyük çalğı alətləri də qoyurlar, bir nəfər gəlib demir bu nədir, yığışdırın bunu. Bu bizdə mümkündürmü? Dəfələrlə şahidi olmuşuq küçə musiqiçilərinə edilən təzyiqləri. Küçə musiqiçilərindən zövq alır insanlar, dayanıb içkilərini içə-içə qulaq asıb, zövq alırlar. Bu hüququ məhdudlaşdırmaq niyə axı ?!
Bəlkə, bu nüansları xırda hesab edəcəksiniz amma bu siyahını nə qədər istəsəz uzatmaq olar, hökumətlərin yürütdükləri siyasətin insanların xoşbəxtliyində bir başa rol oynayırlar. Hər addımda insanların şəxsi həyatına müdaxilə edilən cəmiyyətlərdə gərginlik, bədbəxt nəticələr ola bilər ancaq. Araşdırmalar da onu göstərir ki, insanların xoşbəxtlik indeksində yüksək nəticələr ən başlıca demokratik ölkələrdə özünü biruzə verir. Vətəndaşının dörddə bir hissəsinin yüksək faizli kreditin əsiri olan ölkədə hansı xoşbəxtçilikdən danışmaq olar? Hər addımda şəxsi həyata müdaxilə edib, insanların hər addımda hüquqlarının tapdalandığı ölkədə ancaq stress, əsəb pozğunluğu, dərd ola bilər. Xoşbəxçiliyimiz azadlığın yolundan keçir, ancaq bu yolla xoşbəxt ola bilərik. Xoşbəxt olmaq istəyiriksə pul üçün yox, məhz azadlıq üçün, azad olmaq üçün mübarizə aparmalıyıq. Azad sözün, bacarıqların məhdudlaşdırılmadığı cəmiyyət üçün çalışmaq lazımdır.