ATƏT yetkilisi dünyaya Rəsul Cəfərov haqda çağırış etdi

Izabel Santos: «O, açıq-aşkar vicdan məhbusudur və bunu etiraf etməyin zamanıdır»

 
Dunya Miyatoviç: «Bu ədalətsiz hökm Azərbaycan həbsxanalarında əsassız saxlanılan jurnalist və hüquq müdafiəçilərinin sayını artırır»
Hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm dərhal sərt beynəlxalq təpkiyə səbəb olub. Beynəlxalq aləmdən ilk reaksiya ATƏT yetkililərindən gəlib.
ATƏT Parlament Assambleyasının demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin sədri, Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Izabel Santos Rəsul Cəfərovun uzunmüddətli həbs cəzasına məhkum edilməsinə dair hökmü pisləyib. O, eyni zamanda, Rəsul Cəfərovun “vicdan məhbusu” kimi tanınması üçün beynəlxalq ictimaiyyətə çağırış edib.
“Azərbaycanda ötən il hakimiyyətin tanınmış hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına qarşı ardıcıl hücumlarıyla yadda qaldı. Rəsul Cəfərov uzun müddətdir hakimiyyətin hədəfində idi və bugünkü hökm də saxta ittihamlar, maliyyə təzyiqləri, ölkədən çıxışa qoyulan məhdudiyyətlərlə müşayiət olunan təqiblərin nəticəsi idi.
O, açıq-aşkar vicdan məhbusudur və bunu etiraf etməyin zamanıdır", – deyə Izabel Santos bildirib.
Izabel Santos eyni zamanda, demokratiya, insan haqları məsələlərilə əlaqədar Azərbaycan hökumətilə dialoqa açıq olduğunu bəyan edib.
Santosun bəyanatında o da qeyd olunur ki, ATƏT Parlament Assambleyasının insan haqları üzrə nümayəndəsi həbsdə olan hüquq müdafiəçiləri, o cümlədən Rəsul Cəfərovla, jurnalistlərlə görüşə şərait yaradılması üçün dəfələrlə Azərbaycan hökumətinə rəsmi şəkildə müraciət edib. Lakin həmin müraciətlərə bugünədək heç bir cavab verilməyib.
 
“Azərbaycanda insan haqları və tənqidi səslər sistemli şəkildə pozulur”
 
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də Rəsul Cəfərov barəsindəki hökmü pisləyib. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
“Rəsul Cəfərov barəsində verilən ədalətsiz hökm Azərbaycan həbsxanalarında əsassız saxlanılan jurnalistlərin və hüquq müdafiəçilərinin sayını artırır”, – deyə Miyatoviçin bəyanatında bildirilir.
ATƏT təmsilçisi vurğulayıb ki, Azərbaycanda fundamental insan haqları və tənqidi səslər sistemli və geniş şəkildə pozulur: “Yaxın gələcəkdə mən bizi narahat edən bu məsələlərin həlli məqsədilə Bakıya səfər etmək niyyətindəyəm. Təəssüf ki, dövlət orqanları onlarla görüşlər zamanı etdiyim çoxsaylı müraciətlərə məhəl qoymayıblar. Buna baxmayaraq, Azərbaycanla konstruktiv dialoq axtarışını davam etdirməliyəm”.
 
“Daily Mail” də Rəsul Cəfərov barədə sifarişli hökmdən yazır
 
Dünyanın bir sıra media orqanları, o cümlədən Böyük Britaniyanın “Daily Mail” qəzeti “Reuters” informasiya agentliyinə istinadən Rəsul Cəfərovla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan hökuməti repressiyalara görə tənqid olunduğu bir vaxtda bu ölkədə daha bir hüquq müdafiəçisinin 6 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıldı.
“Enerji resursları ilə zəngin olan Azərbaycan prezident Ilham Əliyev tərəfindən idarə olunur. O, 2003-cü ildə hakimiyyəti atasından miras alıb. Azərbaycan Avropaya neft-qaz daşınmasında Rusiyaya alternativ olduğuna görə Qərb bu ölkəyə yaxşı münasibət bəsləyir”, – deyə “Daily Mail”də qeyd olunub.
Rəsul Cəfərovun vəkili Fariz Namazlı bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək. “Bu hökm bir daha sübut edir ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur”, – deyə vəkil “Reuters”ə açıqlamasında bildirib.
Aytən Məmmədova