Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin daha bir tərəfdarı öldürülüb. Regionlar Partiyasının keçmiş deputatı, 52 yaşlı Oleq Kalaşnikov aprelin 15-də yaşadığı binanın blokunda ölü tapılıb. Kalaşnikovun bədənində güllə yarası aşkar edilib. Kiyev polisinin məlumatına görə, əvvəlcə silah səsləri eşidilib və az sonra «Pravda» prospektindəki binanın blokunda Kalaşnikovun cəsədi tapılıb.
Kalaşnikov «Avromaydan» fəallarına qarşı silahlı dəstələri maliyyələşdirməkdə ittiham olunurdu.
Daxili işlər nazirinin məsləhətçisi Anton Qaraşenkonun qətllə bağlı üç versiyası var – Kalaşnikovun siyasi fəaliyyəti, biznes maraqları və ya keçmiş deputatın qarət edilməsi: «Şübhəsiz ki, Kalaşnikov «Antimaydan»ın kimlər tərəfindən maliyyələşdirildiyi barədə çox şey bilirdi. Yanukoviç və tərəfdarları bu məqsədlə gündə bir neçə milyon qrivna xərcləyirdi. O, bu sirləri özü ilə məzara apardı. Amma bu sirri bilən tək Kalaşnikov deyil».
Qeyd edək ki, təkcə bu il ərzində Yanukoviçin üç məmuru – Mixail Çeçetov (özünü evinin pəncərəsindən atmışdı), Stanislav Melnik (özünü ov silahı ilə vurmuşdu), Aleksandr Pekluşenko (özünü odlu silahla vurmuşdu) həyatına qəsd edib. Ukrayna mətbuatının yazıdığına görə, bu adamları birləşdirən bir ortaq nöqtə var, bu da həddən artıq məlumatlı olmalarıdır. Məsələn, Çeçetov özəlləşmə prosesindəki qalmaqal barədə çox məlumatlı idi. Melnik hakimiyyətin biznes qaynaqları barədə çox şey danışa bilərdi. Pekluşenko isə Zaporocedəki «Avromaydan»ı dağıdanların həqiqi kimliyi barədə bilgili idi.
Gültəkin


