Şər oyunçularının Avropa Oyunları

Siyasi məhbuslar hakimiyyətin qapısına necə «qol» vurur?

 
Əgər YAP hakimiyyəti korrupsiya layihələrinə göstərdiyi canfəşanlığı, dövlətin və millətin maraqları naminə də göstərsəydi, Azərbaycan dünyaya nümunə ola bilərdi. Sözün həqiqi mənasında Azərbaycanı analoqu olmayan ölkəyə çevirmək olardı. Ancaq hakimiyyət geriyə inkişafın modelini yaratmaqla analoqsuzluq “zirvə”sinə çıxdı.
Indi hökumətimiz həvəslə Avropa Oyunlarına qalan günləri hesablayır. Sanki, Azərbaycan bu oyunlarla inkişafa, demokratiyaya, Avropaya inteqrasiyaya yaxınlaşır. Ancaq bu oyunlar səfalətin, repressiyaların, ağrılı günlərin yaxınlaşması deməkdir. Azərbaycan hakimiyyəti bu qədər qanunsuz əməllərindən sonra dünyadan və cəmiyyətdən təşəkkür eşitmək istəyir. Ancaq ölkə vətəndaşları kimi, demokratik dünya da hakimiyyətin ədalətsiz siyasətindən, şər idarəetməsindən xəbərdardı. Indi dünyanın nüfuzlu təşkilatları Azərbaycan hakimiyyətindən siyasi məhbusların azadlığını tələb edir. Hakimiyyət isə öz repressiv siyasətinə davam edir. Bugünlərdə tanamış hüquq müdafiəçiləri Rəsul Cəfərova 9 il, Intiqam Əliyevə isə 10 il həbs cəzası istədilər. Bu şəxslərin hər ikisinin günahı Azərbaycanda mövcud olan qanunsuzluğu dilə gətirmələridi. Intiqam Əliyev Avropa Məhkəməsində dəfələrlə qalib gəlib, haqqı tapdanan vətəndaşların müdafiəçisinə çevrilib və heç bir təzyiqə baxmadan vicdanla vəzifəsini yerinə yetirən adamdı. Avropa Oyunları keçirməklə özünə müsbət imic qazanmaq istəyən hakimiyyət, Avropa dəyərlərinin daşıyıcısı olan və avropalıların azadlıq tələb etdiyi adamları şərləməklə məşğuldu. Heç bir günahı sübuta yetirilmədiyi halda bu adamlara 9, 10 il həbs cəzası verdikdən sonra Avropa Oyunları ilə nəyə nail olmaq olar. Avropa dəyərlərindən imtina edib, Avropa oyunlarına həvəslə hazırlaşmaq qədər absurd nə ola bilər?
Siyasi məhbusların hələ də azad edilməməsi, Intiqam Əliyevə 10 il həbs cəzasının istənilməsi onu göstərir ki, hakimiyyət təfəkkür etibarı ilə cəhalətin təmsilçisidir. Vətəndaşı şərləyə-şərləyə Avropalının gözündə böyümək mümkün deyil. Ölkədə şər oyunlarının keçirilməsinə start verilibsə, Avropa Oyunları bunu kompensasiya edə bilməz. Çünki, Avropa Oyunlarını özünün təbliğatına çevirənlər şər oyunçularıdı.  Əslində, Avropa Oyunları ilə avropalıların könlünü almaq cəhdi, Şər oyunlarını legitimləşdirməyə, şər-böhtan siyasətini malalamağa xidmət edib.
Amma nüfuzlu beynəlxalq təşkilatların, müstəqil ekspertlərin, beynəlxaql mətbuatın mövqeyi də göstərir ki, hakimiyyətin planı alınmadı.
Yəni ölkədə vicdanlı insanları həbs etmək olar, Intiqam Əliyevə 10 il həbs cəzası istəmək də mümkündür. Amma dünya meydançasına “şər oyunçuları”nın çıxması mümkün deyil. Hətta bu oyunçulara “ehtiyat skamaya”da da yer yoxdur. 
Əksinə, Avropa Oyunları şərin qurbanına çevrilənlərin qalibiyyəti ilə yadda qalacaq. Çünki, bütün dünya bu adamları “vicdan məhbusu” hesab edir və ən mötəbər mükafatlara layiq görür. Avropa Oyunları zamanı da bu qələbələr təkrarlanacaq.
Bir sözlə, siyasi məhbuslar Avropa Oyunlarında “şər oyunçuları”nın qapısına ard-arda “qol” vuracaqlar. 
Akif